21 illik “yeni” gəmi batır

01:18 14-08-2019 536

“Məmməd Əmin Rəsulzadə” adlı gəmi ilə “Doric Warior” gəmisi toqquşub.

DHA-nın xəbərinə əsasən, bir müddət əvvəl “Palmali” şirkətlər qrupu tərəfindən açılışı edilən və ilk səfərinə çıxan, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adı verilən gəmi Türkiyənin Zeytinburnu sahillərində hələlik bilinməyən səbəbdən Liberiya bayrağı altında üzən “Doric Warrior” gəmisi ilə toqquşub.

Qəzaya sahil mühafizə xidməti və sahil təhlükəsizlik xidməti müdaxilə edib.

Qəza nəticəsində ölən və yaralanan olmasa da, gəmilərə ciddi ziyan dəydiyi məlum olub. İki gəminin toqquşması nəticəsində “Məmməd Əmin Rəsulzadə” gəmisinin kapitanı “batırıq” deyə yardım çağırışı edib.

Əraziyə xilasedicilər cəlb edilib. Hazırda Rəsulzadənin adını daşıyan gəmi batmaq təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsini su basdığı və batmaq üzrə olduğu bildirilir.

Hadisə ilə əlaqədar limanda digər gəmilərin işi dayandırılıb.

İlkin ehtimallara görə, hadisəyə səbəb Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəminin həddindən çox yüklü və köhnə olması olub.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi 21 ilin istehsalı olub. Sonradan həmin gəmi rənglənərək, ona Məmməd Əmin Rəsulzadənin adı verilib.

Bütün bu addımlarına görə “Palmali Group” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov sosial şəbəkələrdə ciddi tənqid olunub.

Mübariz Mənsimov Azərbaycanın müxalifət KİV-inə müsahibəsində bildirmişdi ki, onun donanmasının yeni gəmisi Məmməd Əmin Rəsulzadənin adını daşıyacaq. Amma sonradan Türkiyənin “Denizhaber” portalı aydınlaşdırıb ki, sözügedən “yeni” tanker 21 il əvvəl Rusiyanın Volqoqrad limanında inşa edilib.

Göründüyü kimi, statuslarında və müsahibələrində Azərbaycan sevgisindən danışan Mənsimov Cümhuriyyətin qurucularından biri olan Məmməd Əmin Rəsulzadənin adını köhnə gəmiyə verir və gəmi də ilk səfərində batır.