Rəsmi Bakı: “Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addım qətiyyətlə cavablandırılacaq”

10:20 28-07-2021 1031

Azərbaycan XİN Ermənistanla sərhəddəki durumla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, 28 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.

Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq”.