UEFA Super Kubokuna doğru - Ehtimal start heyətlər

21:27 14-08-2019 512

Bu gün Türkiyənin İstanbul şəhərində 44-cü UEFA Super Kuboku matçı keçiriləcək.

HerGun.Az-ın İstanbula ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, ötən mövsüm Madriddə UEFA Çempionlar Liqasının qalibi olmuş “Liverpul”la Bakıda UEFA Avropa Liqası kubokunu başı üzərinə qaldırmış “Çelsi” qitənin ən güclüsü adına aydınlıq gətirməyə çalışacaq.

Bu matç üçün “Liverpul” UEFA-dan azarkeşlərinə satmaq üçün 5973, “Çelsi” isə 1314 bilet alıb. Amma təbii ki, ingilis fanatların UEFA saytı vasitəsilə onlayn şəkildə bilet alması da mümkündür. Bugünkü matçda 40 min fanatdan 30 mininin hər iki klubun Britaniya və digər ölkələrdən olan azarkeşi olacağı gözlənilir.

Oyun öncəsi komandalarda ab-hava fərqlidir. 1977, 2001 və 2005-ci illərdə UEFA Super Kubokunu qazanmış “Liverpul” bu matçda favorit görünür. İngiltərə Premyer Liqasının açılış matçında debütant “Norviç Siti”ni 4:1 hesabı ilə məğlub edən Yürgen Klopun yetirmələrinin əsas narahatlığı qapı xətti ilə bağlıdır. Belə ki, braziliyalı qapıçı Alison Premyer Liqa matçında zədələnərək sıradan çıxıb. Bu matçda qapını “Vest Hem Yunayted”dən alınmış ispaniyalı Adrian qoruyacaq.

Ümumiyyətlə, “Liverpul”un start heyətinin belə olacağı gözlənilir: Alison – Vircil van Deyk, Endryu Robertson, Joel Matip, Trend Aleksander-Arnold – Fabinyo, Ceyms Milner, Cordan Henderson – Roberto Firmino, Məhəmməd Salah, Divok Oriqi.

Ancaq mətbuat konfransında seneqallı Sadio Manenin çıxış etdiyini və kollektiv məşqlərdə iştirak etdiyini nəzərə alsaq, bu matçda onun belçikalı Oriqini əvəz edəcəyi gözləniləndir.

“Çelsi” isə “Liverpul”dan fərqli olaraq bu titulu ötən əsrdə qazanıb. 1998-ci ildə Avropanın ən güclüsü olmuş “Çelsi”nin Bakıda qalib olmuş heyətində dəyişikliklər var. İlk növbədə Frenk Lempard ilk dəfə avrokubok matçında “Çelsi”nin baş məşqçisi kimi debüt edəcək. London klubu yayda belçikalı Eden Azar kimi liderini itirdikdən sonra çətin duruma düşüb. Transfer qadağası ilə üz-üzə qalan “Çelsi” yalnız icarədə olan futbolçularını geri qaytara bilib. Nəticə isə göz qabağındadır: “Mançester Yunyted”ə 0:4 hesablı darmadağın.

“Zadəganlar”ın start heyəti belə proqnozlaşdırılır: Kepa Arisabalaqa – Andreas Kristensen, Kurt Zuma, Sesar Aspilikueta, Emerson – Jorjinyo, Nqolo Kante, Pedro Rodriqes, Meyson Maunt, Kristian Pulişiç – Olivye Jiru.

Bu matçla bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, İstanbuldakı Super Kubok görüşü səkkizinci dəfə bir ölkənin komandalarının iştirakı ilə baş tutacaq. Belə ki, 1990 və 1993-cü illərdə İtaliya, 2006, 2014, 2015 2016 və 2018-ci illərdə İspaniya duelləri baş tutub. İlk dəfə Super Kubokda İngiltərə dueli yaşanacaq. Son dörd Super Kubok matçında (2008, 2017-ci ildə “Mançester Yunayted” və 2012, 2013-cü illərdə “Çelsi” uduzub) ingilis klublarının uduzduğunu, 2005-ci ildən bəri qalib gələ bilmədiklərini nəzərə alsaq, “Vodafone Arena” bu baxımdan da ingilislərin qayıdışına şahidlik edəcək.

Səbuhi Musayev