Şamaxının yol infrastrukturu müasir səviyyədə yenidən qurulur - FOTO

18:20 02-08-2021 340

Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ümumi uzunluğu 96.5 km, sahəsi 621 min 615 m2 olan 126 adda prospekt və küçələrin təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə ümumi uzunluğu 12.3 km olan 20 adda prospekt və küçədə agentlik tərəfindən aparılan təmir-tikinti işləri başa çatmaq üzrədir.

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. 

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Bundan başqa Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120-ci km-də Bakı şəhəri istiqamətindən Şamaxı şəhərinə və yolun 123-cü km-də Ağsu istiqamətindən Şamaxı şəhərinə giriş-çıxış yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılır.