Leyla Əliyeva Minskdə II Avropa Oyunlarının açılış mərasimini izləyir

01:18 22-06-2019 830

İyunun 21-də Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, “Dinamo Arena”da keçirilən açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə baxırlar.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar. İkinci Avropa Oyunlarına 3 min könüllü cəlb olunub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.