3 milyard manatlıq tikinti: Bakının bir sıra rayonlarında inşaat işlərinin dəyəri KƏSKİN ARTIB

15:40 04-08-2021 876

Paytaxt Bakıda ilin altı ayı ərzində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə 2 290 000 000 manat vəsait yönəldirilib.

HerGun.Az-ın Bakı Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, bu, əsas kapitala yönəldilən vəsaitlərin 55,8 faizini təşkil edib.

Bakıda tikinti şirkətləri tərəfindən 3 165 098 900 manatlıq inşaat işi yerinə yetirilib. Ötən ilin altı ayı ilə müqayisədə bu, 3,4 faiz çoxdur.

Bakıda tikinti müəssisələri tərəfindən həyata keçirilən inşaat işlərinin dəyərinə görə paytaxtın Nəsimi rayonu birinci sıradadır. Rayon üzrə 663 094 100 manatlıq inşaat işləri həyata keçirilib. Eləcə də, Səbail rayonunda 653 152 100 manat, Nərimanov rayonunda isə 375 016 500 manat dəyərində inşaat işləri aparılıb.

Xüsusilə inşaat işlərinin həcmi Xəzər, Nizami, Suraxanı, Binəqədi, Qaradağ rayonlarında artıb. 

Paytaxtda tikinti materiallarının istehsalı isə 38,4 faiz artaraq 250 265 400 manat olub. 

2020-ci ilin altı ayına nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 54,5 faiz, tikinti gipsinin istehsalı isə 39,3 faiz artıb.

Nigar Məmmədova