Sakinlərdən iddia: Yardımlı rayonunda son illər ərzində üç milyondan çox ağac qırılıb

23:20 04-08-2021 309

Yardımlı rayonunun Bərcan kəndinin bir qrup sakini redaksiyamıza məktubla müraciət ediblər. Onlar ekoloji terrorla bağlı həyəcan təbili çalırlar. 

Məktubu təqdim edirik:

"Bir neçə gün əvvəl qardaş Türkiyədə baş verən meşə yanğınları ölkənin böyük əhazisində meşələrin məhvi ilə nəticələndi. Məlum oldu ki, meşələrin əvvəlki vəziyyətinə qaytarılması üçün on illər lazımdır. Bu hadisə bütün dünyanı narahat etdi və qardış Türkiyəyə yardımlar başladı. 

İki gün əvvəl isə oxşar hadisə bizim Yardımlı rayonunda baş verdi, bir neçə hektar meşə sahəsi yanaraq məhv oldu. 

Çox təəssüflə bildiririk ki, bizim Yardımlı rayonunda meşələrin məhvi artıq neçə illərdir ki başlanıb və indiyədək nəinki azalır, hətta daha da genişlənir. 

Vaxtilə meşələrlə örtülü dağ yamacları və kəndin ətrafındakı sahələrdə artıq ağaclar yoxdur. Hər il hektarlarla meşə sahəsi qırılır, kəndimizin səfalı meşə sahələrini düzənliklər əvəz etməkdədir. 

Ən pisi də budur ki, meşələri yerli əhali, özü də məcburiyyətdən qırmalı olur. Bunun səbəbi kəndimizdə təbii qazın olmamasıdır. Yardımlının bir hissəsində qaz olsa da, kəndlərin hələ də böyük hissəsinə qaz çəkilməyib. Rayonumuzun əhalisinin isə 90%-i kəndlərdə yaşayır. Nəticədə əhali, yerli sakinlər olaraq qışda istiliyə olan tələbatı ödəmək üçün odun yığmalı və meşələri qırmalı oluruq. 

Sadə bir hesablama vəziyyətin hansı hala çatdığını və meşələrin necə sürətlə qırıldığını göstərir. Təsəvvür edin, rayonumuzda hər kənddə orta hesabla 150 ailə yaşayır. Qaz 

olmadığı şəraitdə sərt və soyuq keçən qışı keçirmək üçün hər ailəyə orta hesabla 3 yük avtomobili oduna ehtiyac var. Nəticədə qış mövsümündə təkcə bir kənddə 500 avtomobil ağac yığılır, bu isə ildə 1300-1500 ağacın qırılıması deməkdir. Son 20 ildə bu səbəbdən təkcə bizim kənddə 40 mindən artıq, bütün rayon üzrə isə 3 milyondan artıq ağac qırılıb. Bu - yüzlərlə və minlərdə hektar meşə ərazisi deməkdir. 

Son illərdə hökumət ekologiyaya, meşələrin və yaşıllıqların qorunmasına böyük diqqət ayırır, yeni meşə sahələri salınır, ağaclar əkilir və sair işlər görülür. Bu işlərə böyük vəsaitlər və resurslar sərf edilir. 

Amma rayonlarımızda, xüsusilə gəliş gediş çətin olan dağ rayonlarında onlardan qat-qat artıq meşələrimiz dayanmadan məhv edilir. Meşələrin qırılması bizim təbiətə və rayonumuzun bitki-heyvan aləminə, ekologiyasına, havasına və suyuna böyük zərər vurur. 

Bu əsl faciədir! 

Bu ağacların bərpasına illərlə, on illərlə vaxt tələb olunur, bəlkə də bu heç mümkün olmayacaq. Bunun mənfi nəticələrini təkcə biz deyil, gələcək nəsillərimiz də görəcək. Övladlarımız təbiətlə belə rəftarı bizə bağışlamayacaq.

21-ci əsrdə Azərbaycan kimi inkişaf etmiş ölkədə meşələrin sadəcə qışda isinmək üçün qırılması yolverilməzdir, bu nə bizim xalqımıza, nə də ölkəmizin sosial-iqtisadi vəziyyətinə uyğun gəlir. 

Bu meşələrin qırılması nəticəsində dəyən zərər kəndlərə qazın çəkilməsi üçün xərclənəcək vəsaitdən qat-qat böyükdür, ümumiyyətlə bu xərc dəyən zərərlə müqayisəyə gəlməz".