Astarada iki şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb - FOTO

11:00 08-08-2021 533

Astarada iki şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan iki toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Yoxlamalar zamanı “Qismət” və “Şəhram” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Həmin obyektlərin sahibləri barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin şadlıq saraylarında bundan əvvəl də toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən edilib və həmin vaxt obyektin sahibləri İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 4000 manat cərimə olunublar.