Ermənistanın təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş zərərlə bağlı kompensasiya ödənilməsinə başlanılıb

10:00 11-08-2021 320

“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən qeyd olunan dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə bitkilərə dəymiş ziyan, qazılmış səngər və mərmi düşmüş ərazilər üzrə sahədə ziyan dəymiş kənd təsərrüfatı məhsulları götürülüb.

Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 vətəndaşın əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.

Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, Prezidentin Sərəncamı ilə ayrılan 1,4 milyon manat vəsait kartlara köçürülüb. Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə “Kapitalbank” filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.

Zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən fermerlərin Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməsi xahiş olunur.