Müqəddəs günlərə hörmət etmək bizi birləşdirən dəyərdir

12:00 19-08-2021 408

Emilya Tağıyeva yazır...

Azərbaycan xalqı hər zaman dinlərə və məzhəblərə dözümlüyü ilə tanınıb. Başqa böyük ölkələr də dövlətimizi tolerant kimi qəbul edir və rəğbət göstərir.

Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir  bir-biri ilə dinc, mehriban qonşu kimi yaşayır, bayramlarına və dini mərasimlərinə ehtiramla yanaşırlar. Bakıda yaşadığımız müddətdə yəhudi qonşumuzdan “Pesax” bayramı münasibətilə yumurta payımız da olub, “Pasxa”da xristian qonşumuzdan kuliç payımız da. Öz növbəmizdə biz də Qurban bayramında qurban payı, Aşura günündə hədik, halva göndərmişik, Ramazan ayında iftar süfrələrinə onları da dəvət etmişik.

Amerika Yəhudiləri Yardım Təşkilatının nümayəndəsi Zamir İsayev Azərbaycana səfəri zamanı ölkəmizdə insanların tolerantlığına və bir-birinin dininə olan ehtiramına heyrətini bildirmişdi.

“Təsəvvür edirsinizmi, Oğuz sinaqoqları heç vaxt kilidlənmir! Hətta gecələr də! İnanılmazdır, amma burada nə mühafizə var, nə müşahidə kameraları… ”, deyən Z.İsayev, bunun ancaq Azərbaycanda mümkün olduğunu vurğulamışdı.

Ölkəmizdə olan çoxsaylı xristian icması da cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri, ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa olunur.

Bəli, bir-birimizin müqəddəs günlərinə hörmət hər zaman bizi bir zəncir kimi birləşdirib, həmrəy edib. Sonradan bu həmrəylik Qarabağ müharibəsində Vətən torpaqlarının müdafiəsində də özünü göstərdi.

Lakin təəssüf ki, deyəsən xalqımızın bu tolerantlığı bəzilərinin xoşuna gəlmir, ölkəni içəridən parçalamaq, millətləri, ayrı-ayrı dini kəsimləri üz-üzə qoymaq istəyir. Belə ki, Məhərrəmlik ayının gəlişi ilə sosial şəbəkələrdə dini dözümsüzlük statusları paylaşılır. Əlbəttə ki, hər şəxsin öz şəxsi düşüncəsi və bunu azad ifadə etmək hüququ var. Ancaq bu azadlıq başqalarının hüququnun pozulduğu yerdə bitməlidir və təhqirə keçilməməlidir.

Axı xalqımızın əksəriyyətinin bu günü keçirdiyini və ya ehtiram etdiyini düşünsək, onları “avam”, “cahil”, “geridə qalmış” adlandırmaq, mərasimlərini lağa qoymaq nə dərəcədə düzgündür?

Bəziləri Aşuranı - “qılıncla başı yarmaq”la eyniləşdirirlər. Halbuki bir az araşdırsalar öyrənərlər ki, ümumiyyətlə bu ənənə İslam alimləri tərəfindən bəyənilmir və dinimizin abrını aparan əməl kimi qiymətləndirilir. Sosial şəbəkələrdə paylaşılan görüntülər isə İslamı gözdən salmaq üçün xüsusi hazırlanmış mərasimlərdəndir ki, sonradan üzərində təbliğat qurulur.

Əminliklə demək olar ki, bu gün Aşuranı hədəf seçənlər sabah da digər dinin nümayəndələrinin məclislərini ələ salacaqlar və bunu da məharətlə müsəlmanlar tərəfindən edildiyi görüntüsünü yaradacaqlar.