Mahir Emreli Polşadakı qəhrəmanlığından danışdı: "Öz-özümə dedim ki, bu matçda qol vuracağam" - FOTO

10:40 27-08-2021 408

“Hələ Praqadakı matçdan sonra demişdim ki, bizi Varşavada daha da çətin matç gözləyir və həqiqətən də belə oldu. Gözəl şeylər nə qədər gözəl olsa da, onları əldə etmək bir o qədər çətindir. Azarkeşlərimizi və bütün Varşavanı təbrik edirik. İndi qrup mərhələsində çıxışımızı gözləyirik”.

HerGun.Az-ın xəbərinə görə, bunu millimizin və Polşanın “Leqiya” klubunun futbolçusu Mahir Emreli deyib.

Mahir dünən UEFA Avropa Liqasının pley-off mərhələsində Çexiya çempionu “Slaviya” üzərində 2:1 hesablı qələbədə əsas pay sahibi olub. O, 59 və 70-ci dəqiqələrdə iki qol vuraraq məğlub durumda olan komandasına qələbə qazandırıb. Bu qələbə sayəsində Polşa çempionu “Leqiya” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

Varşava klubunun TV əməkdaşı Mahirə avrokuboklarda beşinci qolunu vurduğunu bu formada xatırladıb: “Leqiya”ya gələndə əksəriyyət sizin az qol vuracağını deyirdi. Amma siz artıq avrokuboklarda qollar vurmaqla onları səhv çıxarırsınız”. Futbolçumuzun cavabı belə olub:

“Nə deyim, insanlar istədiklərini deyə bilər. Polşa çempionatında qol vuracağımı söyləmişdim, amma avrokuboklarda yox. Mənim üçün ən önəmlisi UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımızdır. Qolları kim vurmasının önəmi yoxdur. Bu həqiqətən belədir. Əsas diqqətim komanda üçün çalışmaq idi. Bu hamımızın uğurudur”.

Hesabda geri düşdüyümüz üçün fasilədə bizə çətin idi. Əvvəlcə sakitləşməyə çalışırdım. Dedik ki, qol vurmağa cəmi 45 dəqiqə vaxtımız var. İkinci hissə başlamazdan əvvəl öz-özümə dedim: bu matçda qol vuracağam. Niyə bilmirəm, ancaq hiss etdim, özümə güvənməyə qərar verdim və bu alındı.

İlk qoldan sonra öz-özümə düşündüm ki, indi dayanmamalıyıq. Rəqibə təzyiq etməliydik. Bütün komanda bunun üçün inanılmaz dərəcədə çalışdı və ikinci qolu vurmağı bacardıq. Meydandan çıxanda ​​başım qarışdı. Bizə təzyiq etdilər və bunu meydançanın kənarından görmək daha çətindir”, – deyə Mahir qeyd edib.

Qeyd edək ki, bu görüşdə Mahir Emreli 80 dəqiqə oynayıb. O, yerini 20 yaşlı albaniyalı hücumçu Ernest Muçiyə verib.

Səbuhi Musayev