“Taliban” Qafqaz üçün təhlükədir?

20:00 28-08-2021 500

Qruplaşmanın qələbəsi erməniləri sevincək edib

Müasir tarixində artıq ikinci dəfədir ki, "Taliban”ın hakimiyyəti altına düşən Əfqanıstan yenidən gərgin günlərini yaşayır. Belə götürəndə, gərginlik bu ölkədə heç azalmamışdı da. SSRİ-nin ötən əsrdə müdaxiləsi ilə yaranan gərginlik indiyə qədər davam edir. Bu gün "talib"lərin hakimiyyətdə qalıb-qalmayacağı bəlli deyil, amma fakt odur ki, hazırda idarəçilik onlardadır. Əfqan xalqı, kobud da çıxsa, baş verənlərə öyrəşib, onu heç nə ilə təəccübləndirmək olmaz. Narahatlıq keçirən bu ölkənin yaxın və uzaq qonşularıdır. Hazırda əsas diqqət bu ölkədə baş verənlərin ətraf ölkələrə necə təsir edəcəyi ilə bağlıdır. Yeri gəldi-gəlmədi, indi hər kəs "Taliban"dan gələ biləcək terror təhlükəsindən danışır. Düzdür, terror fəaliyyətində zəngin təcrübəyə malik radikallar hakimiyyətə gəlsə də, qruplaşma əvvəlki tək sərtlik nümayiş etdirmir. Ancaq "əfqan sindromu”nun yaxın müddətdə ciddi önəm kəsb edəcəyi şübhə doğurmur.

Bu barədə “Kaspi” qəzetinin hazırladığı məqalədə qeyd olunub.

Təhlükə İran ərazisindən gələcək?

Müşahidəçilər hesab edir ki, Mərkəzi Asiya ilə yanaşı, Cənubi Qafqazın təhlükəsizliyinə də təhdid yarana bilər. Və bu təhlükə Əfqanıstanla həmsərhəd olan İran ərazisindən gələ bilər. Tehran, bəlli olduğu kimi, hərəkatın liderləri ilə razılığa gəlmək ümidi ilə radikallara qarşı hərbi əməliyyat keçirilməsinin tərəfdarı deyil. Buna görə də, Gürcüstan, Ermənistan və Azərbaycan üçün Cənubi Qafqaz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsində əməkdaşlıq məsələsi tamamilə fərqli bir şəkildə ortaya çıxır. Əsas fakt odur ki, hərəkat uzun müddət əvvəl müasir geosiyasətin şərtlərinə uyğunlaşıb, son dərəcə inadkarlıqla və daha hiyləgərliklə indiki halına gəlib. İyirmi illik müharibənin dərslərini alıb və bundan sonra, böyük ehtimalla, dünya ictimaiyyətinin gözündə özlərini qanuniləşdirməyə çalışacaqlar. Lakin "Taliban" liderlərindən heç biri mövcud ideologiyadan əl çəkdiyini də bildirməyib. Əfqanıstanda mövcud rejimin gözlənilməz olduğunu nəzərə alsaq, "Taliban" zəfərindən hansı fayda əldə olunacağını təsəvvür etmək çətindir. Buna baxmayaraq, Cənubi Qafqazın bəzi ölkələri "taliblər”in hakimiyyətə gəlməsindən dolayı fayda görür.

Ermənilər nəyə sevinir?

Maraqlı və gülüş doğuran, erməni ekspertlərinin səsləndirdikləri fikirlərdir. Belə ki, Ermənistanda bəzi hərbi ekspertlər Əfqanıstandakı daxili siyasi vəziyyətlə bağlı birmənalı fikir bildirmir və hesab edirlər ki, radikalların dövləti ələ keçirməsi Türkiyənin regional mövqelərini zəiflədə bilər, bu da Azərbaycandakı vəziyyətə dolayısı ilə təsir edə və sərhədlərin delimitasiyasını ləngidə bilər. Onların qənaətincə, Ankara ilə Kabil arasındakı əlaqələr Əfqanıstanda hakimiyyət dəyişikliyi ilə gərginləşir, çünki "Taliban" ABŞ-ın NATO-dakı bütün tərəfdaşlarına son dərəcə şübhə ilə yanaşır. İrəvan bu səbəbdən də Türkiyənin "Taliban"la uzun müddət davam edəcək bir qarşıdurmaya gedəcəyinə və Cənubi Qafqaz istiqamətində gedən siyasi proseslərə daha çox diqqət yetirə bilməyəcəyinə ümid edir. Lakin məsələ ondadır ki, Cənubi Qafqazda "Taliban”ın Ermənistanın kabusuna çevrilə biləcəyi daha inandırıcı görünür. Tək bir faktı qeyd edək. Hakimiyyətinin ilk dövründə "Taliban”ı ilk tanıyanlardan və onu dəstəkləyənlərdən biri qardaş ölkə Pakistan olub. Pakistan "Taliban"la bağlı müsbət bəyanatlar səsləndirib.  Bununla birlikdə, Cənubi Qafqaz bölgəsinin sərhədlərinə çata biləcək qaçqın axını xüsusi narahatlıq doğurur. Aİ ölkələri artıq Əfqanıstanı tərk edən vətəndaşları tələsik qəbul etməyə razı olan dövlətlərə yardım göstərəcəyinə söz veriblər. Ancaq pandemiya dövründə milli sağlamlıq sisteminə böyük bir yük qoymadan əhəmiyyətli bir insan axını qəbul etməyə hazır olan heç bir ölkə yoxdur. Çox güman ki, qaçqınlar xaotik şəkildə Əfqanıstanı tərk edəcəklər, o cümlədən İran ərazisi vasitəsilə Cənubi Qafqaza çatacaqlar, çünki İranın özündən deportasiya ehtimalı yüksəkdir. Əfqan qaçqınları məsələsi artıq bir müddətdir ki, İranla həmsərhəd olan Türkiyə mediasının əsas mövzularından biridir. Türkiyə-İran sərhədi üzərindən gələcək mümkün qaçqın axını bu ölkədə geniş müzakirələrə səbəb olub.

Azərbaycanın yeni əfqan hakimiyyəti ilə əlaqələri necə olacaq?

Bir faktı da qeyd edək ki, Azərbaycanın Əfqanıstanla bağlı müəyyən nəqliyyat layihələri var və "Taliban" hakimiyyətdə möhkəmlənsə, onlarla da əlaqə qura biləcək. Kabillə Bakı arasında indiyədək çox yaxşı əlaqələr olub və Əfqanıstan Azərbaycanı BMT və İslam Əməkdaşlığı kimi beynəlxalq təşkilatlarda dəstəkləyib. Lakin "Taliban"ın hakimiyyəti rəsmiləşərsə, bu mövqeyin dəyişib-dəyişməyəcəyini qətiyyətlə söyləmək çətindir. Qeyd edək ki, 90-cı illərdə əfqan qaçqınlarının bir qrupu Azərbaycana da gəlmişdi. Bəziləri belə vəziyyətin yenidən yarana biləcəyini istisna etmirlər. Lakin ehtimal var ki, Türkiyə və ya İrandan qaçqınların Azərbaycana keçməsi təhlükəsi ciddi görünmür, çünki onlar, əsasən, Avropaya keçmək niyyətindədir. Amma qaçqınların dalğası daha çox Türkiyə üçün təhlükəli görünür. Beləliklə, bu qənaətə gəlmək olar ki, Azərbaycanın Əfqanıstanla münasibətləri daha çox Əfqanıstanın özündən, Kabilin Bakıya yanaşmasından asılı olacaq. Əgər Əfqanıstanda yeni hökumət daha çox daxili problemləri nizama salmaq, sülh və sabitlik içində çiçəklənmə yolunu tutacaqsa, əlbəttə ki, başqa dövlətlərlə, o cümlədən Azərbaycanla da münasibətləri yaxşı olacaq. Yox, Əfqanıstan özünü terror dövləti kimi aparacaqsa, əlbəttə ki, rəsmi Bakı da özünə yaraşan şəkildə və beynəlxalq hüquqa uyğun münasibət göstərəcək. Çox güman ki, Azərbaycan-Əfqanıstan arasındakı münasibətlərdə bir müddət pauza olacaq.

Hərəkatın daxilində də mürəkkəb proseslər gedir

Düzdür, bu, "Taliban”ın hakimiyyətə ikinci gəlişidir, lakin hələ bu qruplaşmada lazımi səviyyədə dövlətçilik ənənələri yoxdur. Siyasi təşkilatlanma əlamətləri azacıq hiss olunur, Dohada nümayəndəliyi var. Rusiyaya səfər edərək Lavrovla da görüşüblər. Pakistanla, Çinlə, digər ölkələrlə danışıqlar da aparırlar. Eyni zamanda, Əfqanıstandakı yerli qrupları da dialoqa cəlb edə biliblər. Bu hərəkatın daxilində də mürəkkəb proseslər gedir və müxtəlif qüvvələrə yaxın olan şəxslər var. Bununla belə, istisna edilmir ki, yaxın bir neçə il ərzində "Taliban” təşkilatlanmış siyasi qüvvəyə çevrilsin. Əgər "Taliban” ölkəni idarə etmək istəyirsə, ən əsası, beynəlxalq aləmdə legitim siyasi qüvvə olaraq tanınmaq niyyətindədirsə, bəzi islahat xarakterli addımlar atmalıdır.

Ən önəmlisi odur ki...

Əsas bir məsələ də var - ABŞ faktoru. Bu gün tam əminliklə demək olar ki, amerikalıların gedişini məğlubiyyət adlandırmaq olmaz. Bu müddət ərzində Birləşmiş Ştatlar "Taliban” hərəkatı ilə işgüzar münasibətlər qurub. Hərəkat bütün xarici qoşunların Əfqanıstandan çıxarılması şərti ilə dünya ictimaiyyəti ilə qarşılıqlı fəaliyyətə razılıq verib. ABŞ da Əfqanıstanda "talib”  rejiminin hakimiyyətə gəlməsi ilə faktiki olaraq razılaşıb. Ən önəmlisi odur ki, 2020-ci il fevralın 29-da Qətərdə "taliblər”lə qoşunların Əfqanıstandan çıxarılması haqqında saziş imzalanarkən "Taliban” hərəkatı "Əfqanıstan islam əmirliyi” kimi göstərilib. Bu da çox mətləblərdən xəbər verir.