İlham Zəkiyev Paralimpiya Oyunlarının dordqat mükafatçısı oldu - YENİLƏNİB

14:00 29-08-2021 374

Cüdoçumuz İlham Zəkiyev bürünc medal görüşündə 2016-cı ildə Rioda keçirilmiş Paralimpiya Oyunlarının mükafatçısı Şirin Şərifova qalib gəldi. O, bürünc medal qazandı. 

08:57

Cüdoçumuz İlham Zəkiyev Yamaykadan olan rəqibinə ipponla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi son Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi Şirin Şərifov (Özbəkistan) olacaq.

Beləliklə, bu gün cüdonun axşam seansında Dürsədəf Kərimova final, İlham Zəkiyev bürünc medal görüşünə çıxacaq. Görüşlər Bakı vaxtı ilə saat 11:30-dan etibarən başlayacaq.

08:02

Dürsədəf Kərimovanın yarımfinalda Meq Emerişlə (Braziliya) görüşü gərgin alınıb. Hər iki idmançı vaza-ari xalı qazanıb. Lakin sonra Dürsədəf rəqibini ippona salaraq finala yüksəlib. O, finalda Zarina Baybatina (Qazaxıstan) ilə qarşılaşacaq.

Bu isə o deməkdir ki, Azərbaycan nəticədən asılı olmayaraq, Paralimpiya Oyunlarında 11-ci medalı özünə təmin edib.

07:37

İlham Zəkiyev son illərdəki uğursuzluğunu davam etdirib. 41 yaşlı idmançımız 1/4 finalda Qvanq-qeun Çouya uduzaraq qızıl medal qazana bilməyib. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq. Onun rəqibi Teador Suba (Yamayka) olacaq.

06:52

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında son üç cüdoçumuz mübarizəyə qoşulub.

HerGun.Az-ın xəbərinə görə, Kənan Abdullaxanlı (-100 kq) Şərif Xəlilova (Özbəkistan) uduzub. O, 1/8 finalda uduzduğundan, mübarizəni dayandıraraq medalsız qalıb.

Ən ağır çəkili cüdoçumuz, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) isə Cək Hocsona (Böyük Britaniya) Golden Score-da vaza-ari xalı ilə qalib gəlib. O, 1/4 finala vəsiqə qazanıb.

Qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) da mübarizəyə inamla start verib. O, Anastasiya Qarnikə (Ukrayna) ipponla qalib gəlib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk iki gündə beş qızıl və bir bürünc medal qazanıb.

Səbuhi Musayev