Qəhrəman ana: “Mən deyəndə ki, beşəmə hamiləyəm, inanmadılar” - FOTO

16:20 31-08-2021 402

İyunun 12-də Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi. 29 yaşlı Lamiyə Mürşüdlü dörd oğlan və bir qızın övladını dünyaya gətirdi. Körpələr hamiləliyin 29-cu həftəsində dünyaya gəlib.

Media.Az bu ailəni tapıb və qəhrəman ana ilə söhbətləşib.

- Lamiyə xanım, körpələrin dünyaya gəlməsi münasibətilə sizi bir daha təbrik edirəm. Bu sizin ilk doğuşunuz idi?

- Bəli, birincidir. Ailəmizdə heç vaxt beşəm olmayıb, yalnız əkiz olub.

- Çox heyrətamizdir…

- Bilirsiniz, bunu biləndə ən az sizin qədər təəccübləndik. Ərimlə mən bir tərəfdən şoka düşdük, digər tərəfdən də çox xoşbəxt olduq. Bu, əsl möcüzədir.

- Buna qohumlarınız və dostlarınız necə reaksiya verdilər?

- Bu bir ayrı mövzudur (gülümsəyir). Beşəmə hamilə olduğumu deyəndə bizə inanmadılar, elə bildilər ki, zarafat edirik. Amma sonra təbii ki, bizi təbrik etdilər və sevindilər!

- Hamiləliyinizin necə keçdi?

- Normal, heç bir ağırlaşma olmadı. 24 həftəyə qədər işlədim, kollektiv baxımından bəxtim gətirmişdi, beşəmə hamilə olduğumu bildikləri üçün məni anlayırdılar: çox tez yorulurdum, həkimə getməyim lazım olurdu, hətta maddi dəstək də verirdilər. Onlara çox minnətdaram. Prezidentimizə və Birinci vitse-prezidentimizə göstərdikləri qayğıya görə son dərəcə minnətdaram, onların sayəsində Heydər Əliyev Fondu reanimasiya xərclərinin ödənilməsində bizə kömək etdi.

- Doğuş necə keçdi?

- Doğuş yaxşı keçdi, amma bundan sonra faciə baş verdi. İyulun 2-də oğlumuz öldü. O, üçüncü doğuldu, ancaq körpələrin ən kiçiyi idi, cəmi 845 qram idi. İki qardaşının hər birinin çəkisi 1 100 qram, bir körpənin çəkisi 1 000 qram, qız isə 1 200 qram idi.

- Çox təəssüf...

- Sağ olun, onda sepsis başladı, sonra bağırsaq nekrozu baş verdi. Bizimlə 20 gün yaşadı, bundan bəhs etmək ağırdır... Amma indi bütün düşüncələrim və gücüm dörd uşağa yönəlib, bir bilsəniz, bu nə qədər çətindir.

- Bəs sizə dayə ayrılmayıb?

- Xeyr, təsəvvür edin ki, körpələr dünyaya gəldikdən sonra normal yatdığımı və ya heç olmasa bir dəqiqə boş vaxt keçirdiyimi xatırlamıram. Allaha şükür, yoldaşım kömək etməyə çalışır, baxmayaraq ki, səhər 6-da işə gedib axşam 8-də qayıdır, o da çox yorulur. Əlbəttə ki, valideynlərimiz də yaşlıdırlar, gecə bizimlə qalmaları çətindir. Buna görə də demək olar ki, hər şey mənim üzərimdədir.

Doğuşdan dərhal sonra daha asan idi, uşaqlar yeyib yatırdılar. İndi isə böyüyüblər, daha aktiv olublar və daha çox diqqət tələb edirlər. Təsəvvür edin, uşaqları hər üç saatda bir yedirirəm. Birincisi 12:00-da qidalanırsa, ikincisi 45 dəqiqədən sonra, yəni 12:45-də, üçüncüsü 13:30-da, dördüncüsü 14:15-də qidalanmalıdır və 15:00-da hər şey yenidən başlamalıdır.

Ancaq qidalanmağa əlavə olaraq onlarla oynamaq üçün vaxt lazımdır, hələ başqa qayğılardan danışmıram. Amma bilirsiniz, mənə gülümsəyəndə hər şeyi unudaram, özümü dünyanın ən xoşbəxt anası kimi hiss edərəm.

- Uşaqlara hansı adları qoymusunuz?

- Altay, Emin, Turan və Alesya. Birinci oğluma qayınatam, ikincisinə atam, üçüncüsünə həyat yoldaşım, qıza isə nənələrimiz ad qoyub. Ərim metisdir, qayınanam ukraynalıdır, buna görə qərara gəldik ki, qızın adını Alesya qoyaq.