Uşaq ikən qoparıldığı Şuşaya övladları ilə dönən ana - FOTO/VİDEO

19:40 02-09-2021 624

Türkiyənin “Anadolu” informasiya agentliyi ötən il 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad edilmiş Şuşadan reportaj hazırlayıb.

Reportajın qəhrəmanı uşaq ikən qoparıldığı doğma şəhərinə övladları ilə dönən İlhamə İbrahimovadır.

30 yaşlı xanım illər əvvəl tərk etməli olduğu torpaqlara indi həyat yoldaşı və uşaqları ilə birlikdə qayıtmaqla necə xoşbəxt olduğunu söyləyib.

İlhamənin sözlərinə görə, onun həyat yoldaşı polis əməkdaşıdır və onlar 4 ay əvvəl Şuşada məskunlaşıblar.

“Uşaq ikən ailəmlə buradan ayrılmalı oldum. Qayıdanda isə çox təsirləndik, çox xoşbəxt olduq. Göz yaşları ilə Şuşaya gəldik. Hisslərimi ifadə etmək çox çətindir. Burada olmaq, yaşamaq çox xoş bir hissdir”, - deyə o bildirib.

Qədim şəhərlərdən biri olan Şuşanın gözəl məscidlərə və abidələrə, eləcə də çox təmiz havaya sahib olmasına diqqət çəkən İlhamə xanım şəhəri işğaldan azad edən şəhidləri də xüsusi minnətdarlıqla andıqlarını vurğulayıb.

Ailəsindən də bir şəhid verdiklərini deyən Şuşa sakini burada gördüklərindən və gələcək planlarından danışıb.

“Şuşada öz evimiz var idi, amma onu tamamilə söküldüyünü və dağıdıldığını gördük. Buna görə də bizi müvəqqəti yaşadığımız evə yerləşdirdilər. Məktəblərin açılmasını gözləyirik. İnşallah uşaqlarım gedər”, -deyə İlhamə xanım əlavə edib.

O, hər kəsi Şuşaya dəvət edib və digər sakinlərin gəlməsini də səbirsizliklə gözlədiyini deyib.