Payız öncəsi qaynar müzakirə: Bir qanun layihəsi ətrafında yaranan suallar...

12:00 04-09-2021 332

Milli Məclisin payız sessiyası başlamamışdan öncə bir qanun layihəsinin hazırlanması barədə verilən açıqlama sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Söhbət “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin ərsəyə gətirilməsindən gedir. Obyektivlik naminə deyək ki, bu, heç də yeni fikir deyil, amma mövzu istər parlamentin “payızı”, istərsə də təbiət payızı öncəsi qaynar müzakirələrin mərkəzinə gətirilir.

Milli Məclisin yaz sessiyası dövründə parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev həmin qanun layihəsinin anonsunu vermişdi, hərçənd həmin zaman bu məsələ diqqət cəlb etmədi və müzakirələrdən kənarda qaldı.

Payız sessiyası öncəsi Bəxtiyar Əliyev bildirdi ki, qanun layihəsinin hazırlanması üçün artıq işçi qrupu da yaradılıb.

Sosial şəbəkələrdəki ironik yanaşma tərzindən və lağ-lağı obyektinə çevrilən fikirlərdən uzağıq, ancaq bəzi sualları səsləndirmək zərurətinin yarandığını da dərk edirik.

Öncəliklə deyək ki, vətənpərvərlik yaxşı hissdir, qürurvericidir, amma nəzərə alaq ki, hərə vətənpərvərliyi fərqli baxış bucağından dəyərləndirir. Vətənpərvərliyin meyarları çoxdur, bu, ictimai fikir və ictimai münasibətlərlə tənzimlənir.

İndi sual edirik: Qanun layihəsi hazırlansa, vətənpərvərliyin barometri, ölçü meyarları o sənəddə necə göstəriləcək?

Başa düşürük, yəqin ki, Bəxtiyar müəllimə müraciət etsək, deyəcək ki, bu qanun layihəsi vətənpərvərlik tərbiyəsi ilə əlaqədardır.

Elm və təhsil komitəsinin üzvləri, hörmətli millət vəkilləri! Axı vətənpərvərlik və ya onun tərbiyəsini qanunla tənzimləmək o ülvi hissləri çərçivəyə salmaq anlamına gəlmirmi? Nədənsə, mənim baxış bucağım belədir, vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən başlayır. İndi biz hansı ailəyə deyə bilərik ki, uşağı bu qanun çərçivəsində tərbiyə et, etməsə belə, buna inzibati nəzarəti həyata keçirmək praktiki olaraq da mümkün deyil.

Vətən müharibəsində Azərbaycanın qələbəsi, yaranan yeni geosiyasi reallıq əlbəttə ki, qanunvericiliyə də dəyişikliklər tələb edə bilər, bunu hüquqşünas deputatlarımız daha yaxşı izah edər.

Amma vətənpərvərlik, onun tərbiyəsi, tənzimlənməsi nə deməkdir? Açığı bu, hələ ki, populizm və boğazdan yuxarı bir təklif kimi səslənir.

Hər bir qanunun pozulmasına görə, məsuliyyət nəzərdə tutulur. Buna görə də digər sual ortaya çıxır: Qanun layihəsi qəbul edilsə, onun maddələrindən irəli gələn tələblərin pozulmasına görə məsuliyyət necə müəyyən ediləcək? Axı elə məsələlər var ki, onları qanunla tənzimləmək mümkün deyil, Vətən müharibəsindən sonra heç buna ehtiyac da duyulmur.

Onsuz Vətən müharibəsi ictimai baxışı dəyişdi, xalqın vətənpərvərlik hissləri gücləndi, hətta elə bir həddə çatdı ki, bu hisslərdəki xəyallar ölkə sərhədlərini də aşdı və başqa coğrafiyaya köçürüldü. Bu abzasdakı fikirlər mənə görə vətənpərvərlikdir, amma digəri bu mövqemin vətənpərvər fikir olmadığını da arqumentlərlə əsaslandıra bilər. Yəni vətənpərvərlik hissləri ali hisslərdir, ancaq həm də nisbidir.

Hələlik qanun layihəsi hazır deyil, biz sadəcə ilkin mərhələ üçün yaranan sualları səsləndirdik. Sənəd hazırlanandan sonra, onunla tanış olduqdan sonra isə yeni müzakirələr aça bilərik...

Aqşin Kərimov