AFFA "Qarabağ"ı cəzalandıra bilər

11:45 17-08-2019 608

AFFA "Qarabağ" klubunu cəzalandıra bilər.

HerGun.Az-ın məlumatına görə, dünən Azərbaycan Premyer Liqasının ilk turunun "Keşlə" - "Qarabağ" oyununda nominal qonaqların texniki zonada oturan üzvləri buraxılış vəsiqəsi taxmayıblar.

Turniri təşkil edən Peşəkar Futbol Liqasının Əsasnaməsinə görə, futbolçular istisna olmaqla, komandaların digər şəxsləri A buraxılış vəsiqəsi ilə texniki zonada yer ala bilərlər. Lakin başda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olmaqla, məşqçilər, inzibati və tibbi heyətin bəzi üzvlərində bu buraxılış vəsiqəsi olmayıb.

Şəkillərdən də göründüyü kimi, "Keşlə"nin texniki zonada əyləşmiş bütün üzvlərində bu buraxılış vəsiqəsi olub.

AFFA nümayəndəsi olan Şaiq Həmidov isə hesabatda bunu əks etdirib. Gələn həftə AFFA İntizam Komitəsi bu barədə qərar çıxaracaq. Böyük ehtimalla klub cərimə olunacaq və ya şifahi xəbərdarlıq ediləcək.

Qeyd edək ki, bu görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Səbuhi Musayev