Sumqayıt Məhkəmə Kompleksinə mediatur təşkil edilib - FOTO

14:20 07-09-2021 323

Ədliyyə Nazirliyi tərəfindən sentyabrın 7-də ölkə başçısının açılışını etdiyi və respublikamızda sayca dördüncü məhkəmə kompleksi olan Sumqayıt Məhkəmə Kompleksinə mediatur təşkil edilib.

HerGun.Az xəbər verir ki, mediaturda Ədliyyə Nazirliyinin aidiyyəti rəhbər işçilərin və hakimlərinin, Milli Məclisin deputatlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təmsilçilərinin, hüquqşünas alimlərin, vətəndaş cəmiyyəti və çoxsaylı KİV-nin nümayəndələri iştirak ediblər.

Sumqayıt Məhkəmə Kompleksi özündə altı məhkəməni - Sumqayıt Apellyasiya, Regional İnzibati, Kommersiya və Ağır Cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı Rayon Məhkəmələrini əhatə edir.

İnnovasiya və müasir avadanlıqlarla təchiz olunmaqla yaradılan məhkəmə, təxminən 1 milyon 460 min əhaliyə rahat, əlçatan və keyfiyyətli xidmətlər göstərəcək.

Son 17 ildə dövlət büdcəsi hesabına və Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35 məhkəmə, elə bir o qədər də ədliyyə qurumu üçün yeni, müasir bina və komplekslər tikilərək istifadəyə verilib.

Kompleksdə 24 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı yeddi və mülki işlərin baxıldığı 17 zal fəaliyyət göstərir. Cinayət işləri üzrə məhkəmə zallarında, həmçinin təqsirləndirilən şəxslər üçün xüsusi yer ayrılıb və burada monitor, mikrofon və vəkillə əlaqə saxlamaq üçün birbaşa telefon quraşdırılıb.

50-dək hakimin, ümumilikdə isə orada çalışacaq 240 işçinin fəaliyyəti, videokonfransların, təlimlərin və digər tədbirlərin təşkili üçün hər cür şərait mövcuddur.

Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün “Femida” sistemi quraşdırılıb.

Bununla proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazılışı aparılır, məhkəmə sənədlərinin tərtibi asanlaşır, işlərə məsafədən videokonfrans formatında baxılması mümkün olur.

Dörd korpusdan, əsas və yardımçı tikililərdən ibarət olan kompleksin zirzəmi qatında isə qaraj, o cümlədən konvoy üçün təhlükəsiz dayanacaq, texniki təminat üçün qurğular, yanğın təhlükəsizliyi və server avadanlığı, arxiv, maddi sübutların saxlanıldığı yer, həmçinin arxa həyətdə müasir qazanxana, transformator, generator, içməli su və yanğın söndürmə yeraltı hovuzları və digər sahələr mövcuddur.

Kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan tarixinə dair, Vətən müharibəsində zəfər salnaməsinə həsr olunmuş müxtəlif dillərdə kitablar və digər yeni nəşrlərlə zəngindir.

Prezidentin müvafiq fərmanı ilə 200 əlavə hakim ştatının ayrılması məhkəmələrin iş yükünün azaldılmasına, işlərə daha keyfiyyətlə baxılmasına xidmət edir.

Könül Cəfərli