Vidadi Hidayət

Hidayət yolunun nuru

22:09 08-09-2021 967

 

Bismillahir Rəhmanir Rəhim

 

BU DÜNYAYA HƏR KƏS ÖZ BAXIŞ PƏNCƏRƏSİNDƏN BAXAR GEDƏR

 

   “Bu dünya bir pəncərədir, hər gələn baxar gedər”...

Məndən əvvəl deyilmiş sözdür.Pəncərə sözünün məna yükü maddiyyat aləminə aiddir. Bir otağın eyni pəncərəsindən nə qədər insan baxsa, eyni bir  mənzərənin şahidi olar.

Ancaq, həqiqətdə isə  bu dünyada yaşayan hər kəs bu dünyaya öz baxış pəncərəsindən baxar, gedər...

   Deməli yaşadığımız dünyanın  hər bir sakini öz düşüncələri, həyata baxışı daxilində formalaşdırdığı fərdi ağılın hesabına  özünə məxsus olan bir baxış “pəncərə”si müəyyənləşdirmişdir.

   Bu gün insanlar arasında yaranmış bu fərqlilik  heç kəsin bir-birinə  sözünün düz gəlməməsinə gətirib çıxarır.

   Əslində  insanın bildiklərindən haqq olmayıb batil olanları daha çoxdur.

İnsan yeganə canlıdır ki, iki aləmdə-maddiyyat və mənəviyyat aləmində varlığı mövcuddur. Bu fikri izah etməyə çalışaq.

   Gəncədən Bakıya çəkilmiş avtomobil yolunun varlığı həqiqətdir. Bu yolu gedən hər bir sərnişin arada olan məntəqələrin  varlığını təsdiq edə bilir. Bakıda  dəniz kənarı parkı gəzən hər kəs onun varlığını inkar etməyib təsdiq edər.

   Maddi aləmin bu cür həqiqəti olduğu kimi, adi gözlə görünə bilməyən mənəvi aləmin də batini həqiqətləri mövcuddur.

   Görünür ki, bəşər övladı  hər iki aləmin yəni həm maddiyyat aləminin, həm də mənəviyyat aləminin, həqiqətlərini görsə (anatomik gözlə və bəsirət gözülə) o insanda bu dünyaya kamil baxış yarana bilər.

   Fikirlərimi izah etmək üçün mövzunu bir az genişləndirmək istəyirəm. Allah-Təala ən əvvəl hər şeyi ehtiva edən yaradan və yox edən Özünün külli elmini yaratmışdır.Bu həqiqətdir.

Eramızdan əvvəl Arximed “evrika” deyərək, qanun kəşf etdi. Mayeyə batırılmış  hər bir cisim öz həcmi qədər  maye  çıxarır. Arximed  öz dövrünün alimi olsa da ümum dünya cazibə qanunu haqqında məlumatı yox idi. Halbuki, həmin qanunun varlığı həmən dövrdə də  həqiqət olaraq mövcud idi.Nyuton bir alim olaraq öz dövründə Eynşteynin  nisbilik nəzəriyyəsindən, böyük alim olan Eynşteyn də Lütfüzadənin əhəmiyyətli kəşfi olan  qeyri-səlis məntiq nəzəriyyəsinin varlığının həqiqətindən bixəbər idi. Ancaq, bu qanunlar insan dünyaya gəlməmişdən  əvvəl həqiqət olaraq mövcud idi. Maraqlı faktdır ki, Eynşteyn nisbilik nəzəriyyəsin ortaya qoyanda on il dünya alimlərindən heç kəs onu nə inkar edə bildi, nə də təsdiq edə bildi. On ildən sonra dünya alimləri tərəfindən qəbul edilərək həqiqət olduğu təsdiq olundu. Elm maddiyyat aləminin deyil mənəviyyat aləminin həqiqətidir. Bu iki faktoru, yəni maddiyyat və  elm aləmi həqiqətləri varlığını  bir yerdə götürsək adı çəkilən alimlər həm özlərinin bir-biri ilə həm də  yaşadıqları dövrlərindəki insanlarla nisbətdə fərqli baxış pəncərələrinə malik baxışla dünyada yaşamışlar.

   Allah-Təalanın bütün külli elmi hər birimizin vücudunda olan ruhumuzla müxalif olmayıb həmahəngdir. Allahın (c.c) Öz Zatından hər birimizdə  olan ruhun həqiqətə çatmaq fəziləti  hesabına elmin həqiqətinə çatmaq  mümkün olur. Yoxsa, heç kəs elmin həqiqətinə çata bilməzdi.

   Maddi aləmin həqiqətləri,elm aləminin həqiqətləri milyonlarla insan tərəfindən müxtəlif dövrlərdə təsdiq edilir. Həqiqət sözünün mahiyyəti odur ki, eyni bir faktı ən azından ikinci bir  adam da təsdiq etmiş olsun. Ən üstün həqiqət isə Allah  (c.c) varlığının  həqiqətidir.

   Hər bir bəşər övladına vacibdir ki, yaşadığı ömür ərzində Allahın varlığının həqiqətini təsdiq etsin, tək və yeganə bilsin. Allahın (c.c) varlığının həqiqətini bəsirət  gözü ilə görüb, təsdiq etmək üçün tək, yeganə bir yol vardır.  Bu yolu Allah (c.c) Özü müəyyən etdiyindən mənəviyyat aləmində yalnız bir yol həqiqətdir. Dilindən, irqindən, millətindən asılı olmayaraq hər kəs bu yola düşüb sona çatsa Allahın (c.c) varlığının həqiqətinə çatmış olar. Bundan sonra insan həm maddi aləmin adi gözlə görünən ətraf aləmin və yalnız bəsirət gözü ilə  görünən qeyri maddi aləmin həqiqətlərinin kamilliyinə çatar. Bu cür insan hər iki aləmin həqiqətlərini gördüyündən, bildiyindən Allahın (c.c) Özü ilə vəhdətdə olar. Allahla (c.c) vəhdət tapan bəşər övladlarının  dünyaya baxış pəncərələri kamil sayılır və eyni cürdür. Ancaq, əziz peyğəmbərimiz və ondan sonra  gələn on iki  imam heç kəsə nəsib olmayan ən üstün dünyaya  baxış pəncərələrinə sahib olmuşlar.

   Allah-Təalanın əsas istəyi  o olmuşdur ki, cəmiyyətdə Allahla (c.c) vəhdət tapmış insanların sayı çox olsun. Bu səbəbdən Allah (c.c) Yer üzünə yüz iyirmi dörd min peyğəmbər göndərərək onlar vasitəsi ilə müxtəlif dövrlərdə insanları eyni bir hədəfə, həqiqətə çatmaq üçün təşviq etməsini istəmişdir. Allahın (c.c)  səmadan  səhifə şəklində, kitab şəklində gələn şəriətini insanlar  din adlandırmışlar.

Din nədir?

    Din. Allahın (c.c) peyğəmbərlər vasitəsi ilə insanlara  çatdırdığı yaşam  şəkli, insanların həyatını nizamlayan  ilahi qanunlar toplusudur. Allah (c.c)  yanında tək və haqq olan din islamdır.

İslam nədir?

   İslam sözünün lüğəti mənası, təslim olmaq,boyun əymək,itaət etmək anlamlarına gəlir.Başqa sözlə islam,Allahın (c.c)  qanunlarına-əmr və qadağalarına təslimiyyət deməkdir”.

   İstər Musa (ə),istər İsa (ə), istərsə də Məhəmməd (s.ə.s) nazil olan səmavi  kitabların gətirdiyi şəriətlər insanlar tərəfindən  qəbul olunaraq müxtəlif  təriqətlərə bölünmüşdür. Hər üç  şəriətdə  çoxlu təriqətlər olsa da  onların yalnız biri Allahın (c.c)  həqiqi yolu, haqq yolu sayılır. Yalnız bu yolun yolçuları sonda Allahla(c.c)  vəhdət tapa bilən insanlardır. Vəhdət dedikdə irqindən, dilindən, millətindən asılı olmayaraq haqqa bağlı olan iç dünyanın yaxınlığı, birliyi başa düşülür. Qalan zahirən birləşmələr,toplumlar, partiyalar vəhdətdə ola bilməz.Vəhdət elə bir hissdir ki, insan heç vaxt özünə rəva bilmədiyin heç bir bəşər övladına rəva bilməz. İstərdim bu arada vəhdətlə bağlı ibratamiz  bir hekayəni qeyd edəm:

  -Əyalətə təzə bir şah təyin olunur. Şah fərmanlar, qərarlar verərək əhli əyalı idarə etməyə başlayır. Bir müddət keçdikdən sonra görür ki, bir övliya  bu xalqın özünün  kəraməti, əxaqı ilə böyük hörmətini  qazanmışdır. Əmr edir ki, övliyanı onun yanına gətirsinlər.Şahın canışinləri övliyanın evinə gələrək hökmdarın onu çağırdığını söyləyirlər.

   Övliya cavabında:

   -Mən elə bir hökmdar tanımıram və tanımaq da istəmirəm.

   Övliyanın bu sözlərini  şaha çatdırırlar. O, çox  qəzəblənir. Xalqın ona hədsiz  etimadı və hörməti olduğundan övliyanı cəzalandırmaq fikirindən vaz  keçir və belə söyləyir:

-Yaxşı, gedin ona deyin ki, məni evində qəbul etsin.

   Övliya gələnlərə yenə eyni cavabı verərək şahı evində də görməkdən imtina edir.

Nəhayət, şah qərara gəlir ki,  gecənin bir qaranlığında övliyanın qapısına getsin. Çünki, rəiyyət saydığı bir  şəxsin bu cür davranışı ona çox təsirli, həm də maraqlı gəlirdi. Şah övliyanın  qapısına gəlir və pəncərədən övliyanın   çıraq işığında ibadət etdiyini görür. Övliya isə bu zaman şahın gəldiyini hiss edir və üfürərək çırağı söndürür. Şah qapını döyərək içəri daxil olub və soruşur:

   -Nə səbəb var ki, mənə olan münasibətin bu cürdür?

Övliya:

  -Nə vaxta kimi sən əyalətdə olan qocaları öz valideynlərinin məhəbbətində görmürsənsə, oğulları-qızları özünün doğmaların kimi, xəstələri özünün əzizlərin kimi və s. görmürsənsə o vaxta  kimi mənim qəlbimdə sənin yerin yoxdur.

   Şahın övliyanın istəyinə uyğun olması üçün o mütləq Allahla (c.c) vəhdəti tapmalıdır ki,əyalətdə olan bütün insanlarla öz doğmaları arasında fərq qoymasın.

Hər bir insanın  vücudunu üç varlıq-bədən, ruh, nəfs və bir də sərbəst iradə təşkil etdiyindən insanların həm Allahla (c.c), həm də bir-biri ilə vəhdət tapması dünyanın harasında olur-olsun yalnız eyni bir Zatdan olan ruhların hesabına  mümkün ola bilər. Yer üzərində yaşayan insanların sayına uyğun özünə məxsus baxış pəncərəsi tapmış insanların vəhdət tapması mümkünsüzdür.

   Bu səbəbdən vacibdir ki, nəfslər paklanaraq  ruha yaxınlaşaraq onun fəzilətlərini əldə etsin.Cəmiyyətin hər bir fərdi nəfsi paklanaraq Allahla (c.c) vəhdəti yarandığından və onlar yaşadıqları dünyaya eyni baxış pəncərəsindən  baxdığından  bütün insanlar bir-birlərinə öz doğmaları kimi davranarlar. Bu cür cəmiyyətin rəhbərləri də insanları ədalətli idarə edərlər.

   Ancaq, yaşadığımız dünyamızda müxtəlif dövlətlər Allahla (c.c) vəhdəti olmayan  şəxslər tərəfindən idarə olunduğundan haqsızlıq, zülm baş alıb gedir. Bütün bunların tək yeganə bir yolu  yaşadığımız Yer kürəsinə Allahla (c.c)  vəhdəti olan tək bir xilaskarın idarəçiliyində mümkün ola bilər. Allahın (c.c) “Quran”da vədi var, bu mütləq baş verəcəkdir.

   Yazılarımda bəndənin Allahla (c.c) vəhdəti vacibliyini, buna çatmağın yolunu və bir də hər birimizdə dəyərli varlıq olan ruhun fəzilətləri  barədə aydınlıq gətirməyə çalışmışam.

Bəndənin Allahla (c.c)  vəhdət tapması üçün hər kəs həyatda ikən öz ruhunu, ruhun   Öz əzəli Zatına çatdırıb birləşdirməlidir (qovuşdurmalıdır). Qəlbimizin Allaha(c.c)  doğru qapısı açılarsa ruhumuz  Allahla (c.c)  vəhdət yaradana kimi bir yol qət edər. Bu yolun adı düz yol, başqa sözlə hidayət yoludur. Bu yol  sağa, sola heç bir aidiyyatı olmayan nöqtələrdən ibarətdir. Bu nöqtələrin hər biri insanın davranışında, düşüncəsində, əməlində  rol oynayan həqiqətdir və “Quran”la  öz təsdiqini tapır. Çox vaxt bu yol siratəl müstəqim də adlandırılır. Yalnız bu yolun yolçuları eyni həqiqəti və sonda Allahın (c.c)  varlığının həqiqətini “gördüyü”ndən onların daxili aləmi eyni, oxşar baxış pəncərəsi yaratmış olur. Onlar eyni cür danışarlar, eyni davranırlar. Allahla (c.c) vəhdətdə olub bir- birlərilə dost olarlar və ən əsası odur ki, heç vaxt mübahisə etməzlər. Digər insanların da  mənəviyyat aləmində  düşüncə və baxışlarına uyğun bir yol, dünyaya baxış pəncərəsi vardır. Bu yolun nöqtələri yalnız özlərinə həqiqətdir, başqaları üçün həqiqət ola bilməz. Çünki bu cür  yollar sonda insanı Allahın (c.c) varlığının həqiqətinə çatdıra bilmir. Bu cür yolun sonu zülmət qaranlıq olduğundan insan nuraniyyat tapa bilmir.

   Həyatda bu cür yol  tutan insan  sonda öz fərdi qazandığı ağlın hesabına, qazandığı elmin, həyati təcrübənin hesabına yalnız özünə məxsus  fərdi baxış pəncərəsinə malik olur.

   Ona görə bu cür insanların baxış pəncərələri fərdi olub, digər insanlarla eyni ola bilmir. Bu səbəbdəndir ki, milyardlarla insanların dünyaya baxış pəncərələri müxtəlif olduğundan birgəyaşayış, yoldaşlıq, mutlu, problemsiz yaşaması, həmsöhbət, həmfikir olması çox çətinləşmişdir. 

   Allahla (c.c)  vəhdət tapan insanların davranışlarının “Quran”la uyğunluğuna belə bir misal gətirmək istəyirəm:

  -Bu gün bir nəfərə pislik edildikdə  mütləq əvəzini  pisliklə qaytarar, bir  az da həddi aşır (əksər insanlar  bu cürdür). Ancaq, atalarımızın belə bir sözü var: “Yaxşılığa yaxşılıqla cavab vermək hər kişinin işidir,

    Pisliyə yaxşılıqla cavab vermək nər kişinin işidir.”

   “Quran”da Allah (c.c) belə buyurur: “Sənə pislik edənə  yaxşılıq  elə. ” Yalnız           Allahın (c.c)  düz yolunda  olanlar Yaradanın hədlərini pozmazlar. 

   Allahın (c.c)  bu əmrini yerinə yetirmək hər birimizin  borcudur. Ancaq, bu  ayənin hökmünü yerinə yetirmək üçün tək yeganə bir yol-hidayət yolu, nəfsi paklanma yolu  mövcuddur ki, bu yolun əvvəlində, ortasında və sonunda  insanda  yaranan fərqli baxış və düşüncəsi  aşağıdakı kimi izah olunur.

   I.Mərtəbə: Nəfsi əmmarə: Sənə zülm edənə, pislik edənə, sən öz nəfsi baxışınla, zülm, pisliklə cavab verirsən.(Əksər insanlar bu cürdür).

   II.Mərtəbə: Hidayət yolunun o məqamındakı hala uyğundur ki, insan ruhu Allaha (c.c) yaxınlaşıb, Ona təslim olub. Bu halda insanın dünyaya baxışı  elə formalaşır ki,  ona pislik  edənə heç vaxt pisliklə cavab vermir. Onu əfv edir bağışlayır.

   III. Mərtəbə: Bu hidayət yolunun o halına uyğundur ki, insan nəfsi paklaşaraq təzkiyə olmuş və Allaha (c.c)  təslim olmuşdur. Bu məqama çatan insan cəmiyyətdə kamil baxış  sahibi olur. Ona pislik edənlərə yalnız və yalnız yaxşılıq  etməklə  cavab verir. Bu isə insaniyyətin zirvəsidir. İnsan “Quran”dan Allahın (c.c)  öyüdün götürərək dünyaya baxışı dəyişərək pisliyə yaxşılıqla  cavab verə  biləcək məqama çata bilir.

   Bu cür çoxlu misallar gətirmək olar ki, yalnız Allahın (c.c)  hidayət yolunda  olanlar eyni baxış pəncərəsindən  baxıb, eyni cür düşünüb, eyni cür əməl edərlər. Çünki bu yolun  hər bir nöqtəsi  həqiqətdir. Kim bu yolu gedərsə həmən həqiqətləri görər. (Əlbəttə bəsirət gözü ilə.Daxili aləmi sonda eyni baxış pəncərəsi yaradar).

   Hər bir bəşər övladına  kamil həqiqətə çatmağın yolunu müəyyən edən (Hidayət yolunu) və bütöv bir həqiqətin kamilliyinə çatmaq üçün hər kəsə yolu işıqlandırmaq üçün hikmət nuru bəxş edən Uca Yaradanımıza həmd olsun!

   Fikirlərimi tamamlamaq üçün  Peyğəmbərimiz Məhəmməd (s.ə.s) dən belə bir hədis söyləmək istərdim: “Qiyamətə kimi mənim adımdan sizə çoxlu uydurulmuş hədislər gələcəkdir.Hədis Peyğəmbərimizin düşüncəsinə, dünyaya baxışına uyğun söylədiyi sözlərdir. Onları “Quran”la  tutuşdurun, uyğundursa, qəbul edin.

   Bu hədis  bizim üçün  aydınlıq gətirir ki, bəşəriyyətə əxlaq nümunəsi olan əziz  Peyğəmbərimizlə eyni fikir, eyni söz deməyimiz üçün qəlbimizə “Quran”ın enməsi  “Quran” elmini bilməyimiz, əməl edərək hidayət tapmağımız vacibdir.  Bu vaxt hər birimiz yaşadığımız dünyaya eyni baxış pəncərəsindən baxaraq,vəhdətdə yaşamağa nail olarıq.

   Əgər bütün insanlar bir-birləri ilə vəhdət tapa  bilsə yaşadığımız bu dünya bizim üçün cənnət olar.

   Bir daha aydınlaşır ki,  “Quran” kamil həqiqətin ən üstün göstəricisidir.

İnsanın kamil baxışı təkcə maddi aləmin, elm aləminin  həqiqətlərini  bilməklə kifayətlənmir.  Tam kamil baxış insanın hidayət taparaq  nəfsi paklanaraq  Allahın (c.c) varlığının həqiqətinə çatıb, Onunla  vəhdət tapdıqdan sonra yaranır. Çünki Mütləq kamil varlıq Yaradanımızdır.

   Bütün səmavi  kitablarda  istər Musa (ə), istər İsa (ə), istərsədə Məhəmməd (s.ə.s) endirilən səmavi  kitablarda və öncə peyğəmbərlərimizin  bütününə endirilən öyüdlərin  hamısında dünyaya  kamil baxışın  yaranmasının tək yeganə, düz bir yolu olduğu  göstərilmişdir.  İstərdim kamil baxış yarada biləcək, Allahla (c.c) vəhdət tapıla biləcək  tək yeganə yolu bildirən ayələri, Allah (c.c)  əmrlərini  nəzərinizə çatdıram.

   Allah (c.c) hər birimizi  sərbəst iradəyə malik  yaratmışdır.(“Quran”,Bəqərə 256 ) 

   Kim istəyər bu yolu gedər. Kim də istəməsə zor etmək olmaz.Ancaq, Allahın (c.c) düz yolun gedib, dünyaya kamil baxışla həyatımızı  başa vurmaq üçün son kitabımız olan “Quran”da yer alan  bizə düzgün yolu bildirən ayələri nəzərinizə çatdırmaq istəyirəm.

   Doğru yolu göstərmək Allaha (c.c) aiddir. Ondan ( və ya haqdan  kənara çıxan da vardır), əgər (Allah (c.c)) istəsəydi sizin hamınızı  doğru yola  salardı. (“Quran”, Nəhl 9).

  (Ya Peyğəmbər) Şübhəsiz sən özün istədiyin bir kəsi doğru yola yönəldə bilməzsən (onun qəlbini  haqqa yönəldə bilməzsən, çünki,  sənin vəzifən risaləni təbliğ etməkdir). Lakin, Allah (c.c) istədiyi hər bir kəsi hidayətə çatdırar. Çünki, O hidayətə çatanlarıdaha yaxşı bilir. (“Quran”, Qəsas 56).

  Allah (c.c) bəndənin qəlbinə baxıb onu hidayət etməsi üçün şərtlər aşağıdakı kimidir:

   I.Hər kəsin həyatda ikən  ruhunu Allaha c.c)  qovuşdurmaq diləyi olmalıdır. (mütləq qəlbən) Yoxsa başqa cür, heç cür mümkün deyil.”Quran”da Allah (c.c )belə  söyləyir: Ona (Allaha) (c.c)  tərəf yönəlin (Allaha (c.c)  qovuşmağı diləyin) və təqva sahibi olun,namaz qılın və beləcə  müsriklərdən  olmayın. (“Quran”, Rum. 31)

   II.Hər kəs  Allahın (c.c)  təyin etdiyi yolla gedib sona çatması üçün mütləq ustada (əxlaq ustadına) tabe  olması vacibdir.Bu yolun əvvəlində heç kəs axtarıb ustadı  tanıyıb tapa bilməz.

   Çünki, yaşadığımız dövr  on ikinci imamımız, onun naiblərinin, Allah (c.c) dostlarının, ustadların aşkarda deyil, qeybdə  olduqları dövrüdür.

   Onu yalnız Allahdan(c.c) qəlbən diləsək Allah (c.c) ustadı bizə tanıtdırar. Deməli ikinci şərt  odur ki,  mütləq ustada tabe olmalıyıq. Çünki hər birimizin nəfsi cəhlə, bilmədiyimiz barədə mübahisəyə meyillidir.     

  “Quran”da Allah (c.c) belə buyurur: “Ey iman gətirənlər (Allaha (c.c) qovuşmağı və  təslim olmağı diləyənlər) Allaha (c.c) qarşı təqva sahibi olun və Ona  qovuşduracaq vəsiləni istəyin. Və böyləcə siz  fəlaha çatmış olarsınız”. (“Quran”, Maidə.35) .

   Ustada tabe olmağın vacibliyini Allah (c.c) “Quran”da  başqa bir yerdə belə buyurur:

   Ancaq kim (ustadın önündə) tövbə edər (böyləcə qəlbinə iman yazılıb, imanı artar) mömin olar və saleh əməl (nəfs təzkiyəsi) edərsə, o təqdirdə Allah (c.c) onun günahlarını savaba çevirər. Və Allah (c.c) Gafurdur (günahların üzərini örtəndir). Rəhimdir (rəhmət göndərəndir) ( “Quran” ,Fürqan 70).

   Elə ki, bir kəs ustadını tapdı tövbəsini etdi mömin oldu Allaha (c.c) qovuşub fəlaha çatmaq üçün Allahı (c.c) öz adı ilə zikr edərək daimi zikrə çatmalıdır. Çünki, mömin  zikr etməyən halında  şeytan onu  yolundan azdıra bilir və  insan onu  hiss etmir. Zikrin vacib olduğu ayələr belədir:

   1.Zikr:O kəslər ki,iman gətiriblər (mömin olublar) və Allahı (c.c)  yada salmaqla (zikrlə) rahatlıq tapır. Belə ki, Qəlblər yalnız Allahı (c.c) yada salmaqla (zikrlə) rahatlıq tapır.( “Quran”,  Rad surəsi, ayə 28.) Başqa  ayələri də göstərmək olar.  (“Quran”, Vaqiə  96), (Müzəmmil  8) , (Hədid  16). Buna görə də əzəmətli Rəbbinin adını zikr et. (“Quran”,  Vaqiə 74),

   2.Çox zikr. Şübhəsiz Allaha(c.c)  və axirət gününə  (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı (c.c) çox  zikr edənlər üçün  Allahın Rəsulunun  rəftarında  həyat örnəyi və nümunəsi vardır.( “Quran”, Əhzab 21).

 “Ey imangətirənlər, Allahı çox zikr edin! (“Quran”, Əhzab 41): ” Çox zikrin mahiyyəti odur ki, bir günümüz  yəni 24 saatın yarıdan çoxunu Allahın (c.c) zikrində olmalıyıq. Onu yada salmalıyıq. Çox zikri təsdiqləyən ayələr: (“Quran” Cümə 10)”, Ancaq, iman gətirib yaxşı işlər görən, Allahl (c.c) çox zikr  edən zülmə uğradıqdan sonra intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.( “Quran” , Şüarə 227).

   3.Daimi zikr. “Böyləcə namazı bitirdikdən sonra  ayaq üstə, oturanda, yan üstə (yatanda) daimi Allahı (c.c) zikr edin... ”  (“Quran”, Nisa  103).

   Adəm övladı nə zikr etməklə, nə çox zikr etməklə deyil yalnız və yalnız daimi zikrə çatmaqla  şeytandan birdəfəlik qurtula bilər.

    Daimi zikrin vacib olduğunu təsdiq edən başqa ayə.  “Onlar, (ulul əlbab Allahın (c.c) sirr xəzinələrinin sahibləri ) ayaq üstə, oturanda,yan üstə yatarkən (daima) Allahı (c.c) zikr edərlər.  Və göylərin və yerin yaradılışı haqqında təfəkkür edərlər (və deyərlər)  “Ey Rəbbimiz! Sən bunları boşuna yaratmadın. Sən Sübhansan, bizi atəşin əzabından qoru.” ( “Quran”, Ali-İmran 191).

   Ayələrdən  görünür ki, yalnız iman gətirmiş, mömin olmuş kəslər üçün zikr, çox zikr, daimi zikr vacib olub sonda insana fayda verə bilər.

Qısaca olaraq zikrin mahiyyəti bu cürdür:

  1. “Quran” oxumaq zikrdir. (Əgər  “Quran” öyüdü qəlbə daxil olursa)
  2. Namaz zikrdir. (Əgər namaz vaxtı ruh qəflətdə deylsə)
  3. Gün ərzində Allahın (c.c) adının təkrarı zikrdir. (Əgər insanın tövbəsi qəbul olub günahları bağışlanaraq mömin olubsa)

    Bilirik ki, hər bir bəşər övladı üç vücud-ruh, bədən, nəfs və  bir sərbəst iradəyə  malik yaradılmışdır.Hər kəsin Allahla (c.c)  vəhdət tapıb tam hidayəti aşağıdakı kimi izah olunur.

  I.Ruhun hidayəti: İnsanın qəlbən zikri 3- 6 saata kimidir. Bu halda  insan diri ikən ruhun  Allaha (c.c) təslim edir, ruhun hidayəti  tamamlanır.  -Və (Əhli kitab): Sizin dininizə tabe olandan başqasına inanmayın.(dedilər). (Həbibim onlara) De ki, Mütləq ki,  hidayət (insan  ruhunun ölmədən  öncə Allaha (c.c) qovuşması)), Allahın (c.c) hidayətidir. Sizə verilənin, bir başqasına verilməsidir . Yoxsa onlar , Rəbbimizin hüzurunda, sizinlə mübahisə edəcəklərmi? (Onlara)  De ki: Mütləq fəzilət  Allahın (c.c)  əlindədir. Və Allah (c.c) Vəsidir (elmi genişdir, hər şeyi əhatə edir) Alimdir. (hər şeyi biləndir). (“Quran” , Ali İmran  73)

  II.Bədənin hidayəti: İnsanın qəlbən zikri 6-12 saata kimidir. Bu halda insan vücudu  yəni  fiziki bədəni tamamilə Allaha (c.c) təslim olur. İnsan bədəni Allahın (c.c) əmrlərini rahatlıqla  yerinə yetirir.

   -Və and olsun ki, Biz, bütün ümmətlərin (millətlərin, qövmlərin) içində rəsullar seçdik (həyata gətirdik, vəzifəli etdik). (Allaha (c.c) qovuşmağı diləyərək) Allaha (c.c) qul olsunlar və şeytandan (insan  və cin  şeytandan) çəkinərək onlardan qurtulsun  deyə, onlardan bir qismini,  (Rəsulun dəvəti üzrə olan Allaha (c.c) qovuşmağı  diləyənləri) Allah (c.c) hidayət edər və bir qisminin  (diləməyənlərin) üzərinə zəlalətdə qalmaq haqq oldu. Artıq yer üzündə gəzin. Böyləcə yalanlayanların aqibətinin  necə olduğuna baxın.  (“Quran” , Nəhl 36)

-Sən onların hidayətin çox istəsən də Allah (c.c) zəlalətdə buraxdığı kimsəni (onlar Allaha (c.c) qovuşmaqğı  diləmədikcə ) hidayət etməz. Və onlar üçün  bir yardımçı yoxdur. ( “Quran”,  Nəhl 37)

  III.Nəfsin hidayəti: İnsanın qəlbən zikri.12 saatdan 18 saata azından çatmalıdır. Bu vaxt hər kəsin nəfsi təzkiyyə olaraq, nəfsin bütün xəstəlikləri ruhun  fəzilətləri ilə əvəz olunur və nəfs Allaha (c.c) təslim olur.

   -Ey iman gətirənlər! Nəfsləriniz üzərinizdədir.(nəfsinizin haqqı üzərinizdədir). Siz hidayətdəsinizsə, zəlalətdə olan heç bir kəs sizə zərər verə bilməz. Hamınızın dönüşü Allahadır (c.c). O zaman etmiş olduğunuz şeylərin  hamısını sizə xəbər verəcəkdir. (“Quran”,  Maidə 105) 

     Əgər insan bu mərhələləri  keçib sonda qəlb zikrin 18 saata çatdırmış olarsa iradəsi də Allaha(c.c) təslim olar, bu haldan sonra  yatılı halı da onun  Allah(c.c) zikrinə hesab olunur. Artıq insan tam hidayət  tapır. Nəyi varsa-üç vücudun  ruh, fiziki bədən, nəfsin və sərbəst iradəsin Allaha (c.c) təslim etdiyi üçün  əsil, xalis  müsəlman sayılır. Bu mərtəbəyə çatan insanın bəsirət gözlərinin önündən bütün pərdələr götürüldüyündən Allahın (c.c) varlığını görür və təsdiq edir. Onun  dünyaya  baxışı kamil baxış sayılır.