Fors-major hallarda bəzi şəxslərin sərhəddən keçidini dövlət orqanları əlaqələndirəcək

22:40 10-09-2021 381

Nazirlər Kabineti fors-major və digər təxirəsalınmaz hallarda sərhəd mühafizə və gömrük orqanlarının qarşılıqlı münasibətlərini müəyyənləşdirib.

Bu, “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarda rəsmiləşib.

Qərara əsasən qəza və ya digər qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş vermiş hadisə (bundan sonra – hadisə) ilə əlaqədar sərhəd mühafizə və gömrük orqanları qarşılıqlı surətdə məlumatlandırma işini həyata keçirəcəklər.

Hadisənin nəticələrinin aradan qaldırılması üzrə sərhəd mühafizə və gömrük orqanları tərəfindən aşağıdakı birgə tədbirlər həyata keçiriləcək:

Ziyan dəymiş şəxslərin, malların və nəqliyyat vasitələrinin mühafizəsinin təşkil edilməsi;

Hadisə yerinə gələn xilasedici, yanğınsöndürən və digər xüsusi texnika və şəxslərin maneəsiz DSBM-ə daxil olmaları üçün şərait yaradılması.

Müharibə, təbii fəlakətlər və digər fövqəladə hallar, habelə epidemiyalar, epizootiyalar zamanı sərhəd mühafizə və gömrük orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.

Xəstə və ya sağlamlıq imkanları məhdud olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin dövlət sərhədindən keçirilməsi sərhəd mühafizə və gömrük orqanları tərəfindən qarşılıqlı surətdə əlaqələndirilməklə, növbədənkənar qaydada təmin ediləcək.