Həmkəndlisini qətlə yetirən şəxsə ağır cəza verildi

12:20 11-09-2021 504

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunda qətl törətməkdə təqsirləndirilən Tural Heydanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, T.Heydanov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, 2020-ci ilin iyun ayının 14-ü gecə saat 01 radələrində rayonun Dağkəsəmən kənd sakini, 1977-ci il təvəllüdlü Hürrüyyət Şəmilovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun həmkəndlisi, 1992-ci il təvəllüdlü T.Heydanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

T. Heydanov cinayətin aləti olan bıçağı istintaqa təqdim edib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.