“KPMG Azərbaycan” şirkətinin dəstəyi ilə məktəblilər üçün təlim keçirilib - FOTO

10:00 16-09-2021 322

13-14 sentyabr tarixlərində “KPMG Azərbaycan” şirkətinin dəstəyi və “Стоп Угроза” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi olan “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə “Onlayn və oflayn təhlükəsizlik” mövzusunda təlimlər təşkil olunub.

Təlimlər 15 sentyabr Bilik Gününə həsr olunub və 6-13 yaş aralığında olan 100 uşağı əhatə edib. İştirakçılar Bakı şəhəri və ətraf kəndlərdən olan aztəminatlı ailələrin və sığınacaqda yaşayan, eləcə də Vətən müharibəsində şəhid və qazi olan həmvətənlərimizin uşaqlarından ibarət olub. Onların təlimlərə cəlb olunması Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

“Təhlükəyə son” təliminin əsas məqsədi respublikamızda və dünyada aktual və həyati vacib olan “Təhlükəsiz internet” və “Cinayətkarlardan qorun” kimi mövzuları daha ətraflı izah etmək, o cümlədən, uşaqlarda ətrafdakı insanlarla davranış alqoritmini, özlərinə inamı, etmək istəmədikləri xahişlərə “yox” demək qaydasını və düzgün çıxış yolunu seçmək kimi bacarıqları formalaşdırmaqdan ibarət olub. 

Təlimin nəticəsi olaraq, uşaqlarda “cinayətkar” stereotipi obrazı yox olur və onlar aydın şəkildə başa düşürlər ki, real həyatda oğurluq edən şəxsi xarici görünüşlə ayırd etmək mümkün deyil. Təlimdən sonra bütün uşaqlar təhlükə olduqda hara qaçacaqlarını, hansı kənar şəxslərə müraciət edəcəklərini öyrəniblər və hər şeyi böyüklərə danışmağın vacib olduğunu dərk ediblər. 

Uşaqlar bizim gələcəyimizdir və onlar üçün təhlükəsiz gələcək yaratmaq bizim arzumuz, onları təhlükəyə hazır etmək isə borcumuzdur.