Qurban Bayramı pulsuz olan, ərəblərin tüğyan etdiyi, azan səslərinin bir-birinə qarışdığı şəhər - REPORTAJ

20:54 18-08-2019 1069

Məlum olduğu kimi, avqustun 14-də İstanbulun "Vodafone Park" arenasında növbəti UEFA Super Kuboku matçı keçirildi.

HerGun.Az-ın qardaş ölkəyə ezam olunmuş müxbiri kimi ilk səfər təəssüratlarımı sizinlə paylaşmışdım. Bunu hardasa ikinci hissə də adlandırmaq olar.

Onda qeyd etmişdim ki, tranzitlə getdiyim səfərləri saymasam, bu, İstanbula üçüncü səfərim idi. Əvvəllər ölkə xaricində 2016-cı ildə Parisdə keçirilmiş futbol üzrə Avropa çempionatını, həmin il Budapeştdəki güləşin qeyri-Olimpiya çəkiləri üzrə dünya çempionatını, ötən il Kaspiyskdə güləş üzrə Avropa çempionatını, eləcə də Kiyevdə UEFA Çempionlar Liqasının finalını media nümayəndəsi kimi yerindən işıqlandırmaq imkanım olmuşdu.

Ancaq bir Super Kubok matçı üçün ilk dəfə xaricə yollanırdım. Əslində dörd il əvvəl Tbilisidə "Barselona" və "Sevilya" arasında keçirilmiş Super Kubok matçı üçün qeydiyyatdan keçsəm də, o vaxt iş yoldaşım sayılan rəhmətlik videooperator Rasim Əliyevin ölümü və ya öldürülməsi son anda səfərdən vaz keçməyimə səbəb olmuşdu.

Nə isə, başınızı çox ağrıtmamış mətləbə keçim. Açığı, ötən il Çempionlar Liqasının finalı üçün Kiyevdə olmuş biri kimi deyə bilərəm ki, İstanbulda bu matç üçün ajiotaj o qədər də yüksək deyildi. Səbəb isə çox sadədir. Əvvəla, komandaların uzun marafondan sonra yetişdiyi Çempionlar Liqasının finalının imici ilə bir matçlıq Super Kubok görüşü arasında fərq böyükdür. İkincisi, ötən il Çempionlar Liqasının finalında qarşılaşan komandalar "Liverpul" və Madrid "Real"ı idi. Yəni, komandalar kimi onların azarkeşləri də təcrübəyə malik olmaları ilə seçilirdi.

Üçüncüsü, bu dəfə komandaların hər ikisi Bakıdakı kimi İngiltərəni təmsil edirdi. Amma Bakıdakı Avropa Liqasının finalından fərqli olaraq, budəfəki görüş derbi statusu daşımırdı. Ümumiyyətlə, "Liverpul"un təcrübəsi ilə cəmi altı dəfə çempionluq yaşamış "Çelsi"ni bir araya gətirmək olmaz. Qoy, "Çelsi" fanatları məndən inciməsin, amma bu belədir. Tarixən bu komandalar arasında da hər hansısa prinsipiallıq müşahidə olunmayıb.

"Çelsi"nin yalnız 1314 azarkeşinə bilet sata bilməsi də bir növ bu faktın göstəricisi kimi satıla bilər. Düzdür, oyuna gedərkən rastlaşdığım ata-bala "Çelsi"li fanat bunu həm də "Çelsi"nin Bakıdakı kimi sərfəli tur reysi təşkil etməməsi ilə əlaqələndirirdi. Onların İstanbula gəlib çıxması da tam təsadüfi olub. Həmin insanlar Antalyaya istirahət bileti alıblar və komandalarının Super Kubokda oynamalarına görə Antalyadan İstanbula gəliblər. Onların dediklərinə görə, Bakıdakı finalda iştirak edə bilməyiblər. Çünki "Çelsi"nin təşkil etdiyi reyslə onlar oyun günü ancaq yuxusuz qalmalı imişlər...

Elə oyun zamanı stadion da qırmızı rəngə bürünmüşdü. Yalnız bir küncə mavi geyimli fanatları görmək olardı. Matçdan əvvəl "Çelsi" fanatları İstanbulun Beşiktaş ərazisində, "Liverpul"lular isə Taksimdə bir araya gəlib stadiona gəlməli idi. Bu iki ərazi "Beşiktaş"ın stadionu olan "Vodafone Park"a (bəzən də "Vodafone Arena" adlanır) çox yaxındır.

Deyərdim ki, matçdan əvvəl azarkeşlər arasında hər hansısa insident yaşanmadı. Buna da səbəb bayaq qeyd etdiyim kimi, "Çelsi" fanatlarının azlığı, üstəlik, komandalar arasında xüsusi prinsipiallığın olmaması idi. Yalnız oyun zamanı və matçdan sonra meydana azarkeşin qaçması türk təhlükəsizlik nümayəndələrinin passivinə yazılmalıdır.

Azərbaycandan media nümayəndəsi kimi bu oyunu izləyən üç, fotoqraf kimi çəkən bir nəfər vardı. Bundan başqa, şübhəsiz ki, bu matç üçün Azərbaycandan gələn "Liverpul" və "Çelsi" azarkeşləri də olmamış deyildi.

İstanbul barədə xüsusi danışmayacağam. Çünki çoxlarınız bu şəhərdə olub deyə, Amerika kəşf etmiş olmayacağam. Yalnız onu qeyd edə bilərəm ki, nə vaxtsa istirahət kimi İstanbulu seçmə olsam, bundan imtina edərəm və ya ən pis halda şəhərin Asiya hissəsinə üz tutaram. 5-6 il əvvəllə müqayisədə İstanbul Türkiyə şəhəri statusundan çıxaraq, tamamilə beynəlmiləlləşib. Yox, söhbət xarici turistlərdən getmir. Söhbət sığınacaq üçün Türkiyənin qucaq açdığı Suriya qaçqınlarından gedir.

Şəhərin həddindən artıq çirkli olmasında bu ərəblərin rolu az deyil. Müasir dünya görünüşlü insanlara rast gəldikdə, türk və ya xarici turist olduğunu zənn edirsən. Ancaq sənə yaxınlaşdıqda ərəbcə danışdığını eşidib, türklər demiş "şaşırırsan". Yəni insanlar bu qədərmi tez öz milli geyimlərindən imtina edərmişmi? Tramvayda, mağazada hər hansısa türkə ərəblər barədə danışdıqda, sanki dərdlərini təzələyirəmmiş kimi onlardan dad edib danışırlar. Daha çox ərəblərin türk dilini öyrənməməsi də əsas qıcıq yaradan amillərdəndir. Hər addımbaşı şəhərdə ərəbcə danışan insanlara rast gələ bilərsən.

Elə hava limanına yetişmək üçün mindiyim taksi sürücüsü də ərəblərdən şikayətlənirdi. Onun dediyinə görə, məhz ərəblərə görə taksi sürücüləri insanları aldadır, daha çox onlardan pul qoparmağa çalışırlar. Əgər oteldən taksi sifariş olunubsa, sən bu pulun 20 lirəsini sonra həmin yerə gətirib verməlisən. Ərəblər taksiyə mindikdə sürücünün arxada oturan həyat yoldaşlarına baxmaması üçün avtomobilin güzgüsünü çevirə bilir, amma sonra həmin arvadlarına gündəyməz yerdən tatu da etdirməyi bacarır. Bu da həmin sürücünün dediklərindəndir.

Ancaq dini baxımdan İstanbul əvvəlki əzəmətini itirməyib. Bir şəhərdə nə qədər irili-xırdalı məscidə rast gəlmək olar, ilahi. Azan səsləndikdə bu üzdən yaxınlıqdakı məscidlərdən gələn azan səsləri bir-birinə qarışır. Məsələn, mənim qaldığım yerə yaxın olan "Vəznəcilər" metrostansiyasının yanında ən böyük məscid "Şahzadə" idi. Bu məscid 1543-1548-ci illərdə Sultan Süleyman Qanuni tərəfindən 22 yaşında ölən övladı Şahzadə Mehmetin şərəfinə tikilib. Məscidi inşa etdirən Memar Sinan sonradan bu məscid haqda "şagirdlik əsərimdir" deyib.

Mən olduğum günlər Qurban Bayramına təsadüf edirdi. Şəhərin mərkəzində qoyunların kəsilməsinə rast gəlməsəm də, bayram üzündən 2.50 lirəyə olan avtobus, tramvay, metro və funikulyora giriş pulsuz idi. Ancaq yetər ki, səndə İstanbul kartı olsun. Bunu isə mən artıq hava limanında almışdım...

Səbuhi Musayev