Xalamdan Şuşadakı evin AÇARINI istədim. Dedi ki... - FOTO

21:20 22-09-2021 296

Jurnalist Ruslan Zeynal yazır...

Bəhmən Mirzənin nəslinin nümayəndəsi...

Sonralar Şuşanın İcra başçısı olan Nizami Bəhmənov babamla yaxın idi. Mən 1985-ci ildə dünyaya gələndə babam Tələt kişi həyətimizdə böyük bir məclis qurur. Üç qızı var idi. Mən ilk nəvəsi idim. Sanki oğlu doğulmuşdu. Həmin məclisdə Nizami Bəhmənov da var idi. Babam zəhmli və bir az ağır xasiyyətli adam idi. Tez-tez həyətdə oturar, ayağını ayağının üzərinə aşırıb siqaret çəkərdi. Mən isə uşaq olsam da, yaxınlaşıb onun kimi oturar, hətta siqaret çəkməyini parodiya edərdim. Bu isə onun xoşuna gələrdi. Qəribə olsa da, bu epizodlar özümün də yadımdadır.

Darvazaya yaxınlaşdım...

Damağımda siqaretlə içəri keçdim, amma tör-töküntüdən irəliləyə bilmədim. Bir anlıq elə bildim, babam sanki yenə də həyətdə oturub siqaret çəkir..."Gəl, gəl otur yanımda ağzımı əy, ay bala" səsi gəldi qulağıma..Hürkdüm...Siqareti söndürdüm..

Təsəvvür edin, 30 ildir övladınızı görmürsünüz?

Elə ilk görüşdəcə onu var gücünüzlə bağrınıza basıb, öpüb qoxlayıb, ətrini dərindən nəfəs kimi ciyərlərinizə çəkmək istəyərsiniz.

Həmin görüşü təsəvvür etdikcə adamın tükləri biz-biz olur. Ruhu əsir...Sanki qar yağır içinə...

Validə nənəm Şuşaya gəlin köçüb. Yay ayları imiş. Səhər durub eyvana çıxıb, görüb hər tərəf ağappaqdır. Tez babamı çağırıb:

- Tələt, ay Tələt. Gəl, gör hər tərəf necə çiçək açıb...

Babam çıxıb və mənzərəni görən kimi:

- Heyf.. Bu il çətin meyvə ola.

Nənəm sonradan diqqətlə baxanda görüb ki, əslində ağacların üstü qardır.

Həyətimizdə armud ağacları var idi...

Elə indi də var. Bu dəfə gedəndə küçədə işləyən traktor sürücüsündən xahiş etdim. Sağ olsun, qalxıb hasarın üstündən suya həsrət qalsa da, əsirlikdə belə əyilməyən qocaman armudun meyvəsindən dərdi.

Babamın anası...

Nənəmin qayınanası Məşədi Sara (kiçik xalam onun adını daşıyır) çox zaftalı (zabitəli - red.) və xanım-xatın qadın olub. Nənəm onu görməyib, camaatdan eşitdiklərinə əsasən danışardı ki, Sara xanımın bir sandığı var imiş. Sandıq açılanda xüsusi səsi ətrafa yayılarmış. Və hamı deyərmiş ki, vəssalam, Məşədi Sara indi bəzənib çıxacaq.

Atası tacir idi...

Məşədi Məmmədbağırın Şuşada bir neçə imarəti olub. Bizim küçədə üzbəüz ev də (Rəssam Rövşən Bayramovgilin yaşadığı) onların olub. Şura hökuməti qurulanda əllərindən alınıb.
Nə qəbir, nə də qəbiristanlıq var idi...

Babamın qardaşı Nəsirağa Qori Müəllimlər seminariyasında oxumuşdu. Gözəl xətti var idi.  Anam Rəhimənin də xətti onun xəttinə bənzəyirdi. Babam 1988-ci ilin fevralın 29-u dünyadan köçdü... Şuşaya gedəndə qəbrini axtardım. Əfsuslar olsun ki...

Evdən çıxanda yalnız bir topa açarı götürür...

Nənəm 2012-ci ildə vəfat etdi. Görmədi bu günləri. Şuşa azad olandan sonra Aygün xalamdan Şuşadakı evin açarlarını istədim. Dedi ki, bir müddət olar, atmışam. Hələ müharibə başlamamışdı. Bəlkə də energetik olaraq bu lazım idi. O paslı, çürük açarla neqativ enerji də uzaqlaşdı.

Şuşada kağız torbada satılan tum...

Peşmək... Xan bağı... Qızıl balıqlar...

Meydan bulağı... Məscid... Hamısı yadımdadır.

Məscidin qarovulçusu ilə nərd oynayardı...

Atam Şuşaya gələndə camaatla yaxşı ünsiyyət qurardı. Nərd oynamağı yaxşı bacarırdı. Məscidə qarovulçu olan Mamed (səhv etmirəmsə) dayı ilə atam tez-tez nərdtaxta oynayardı. Mamed kişinin məzəli “Şap elə bilir şupdadır, şup elə bilir şapdadır. Nə şapdadır, nə şupda, yaman tarap-turupda” şeirini isə sonralar Yaşar Nurinin ifasında tamaşada da eşitdim...

Cıdır düzündə vahiməli gün...

1991-ci il. Atam, qardaşım bir də mən.. Cıdır düzünə aparmışdı bizi atam. Sonradan atamdan eşitdim ki, bizi orada yuxu aparır. Qəfildən atam oyanır ki, ətrafı qara bulud alıb və asta-asta yağış yağır. İçinə vahimə gəlir. Qorxur ki, birdən Daşaltıdan erməni çıxıb bizi əsir götürsəydi nə baş verərdi... Bunu anam da danışmışdı. Tez bizi də götürüb evə gətirir.

Daha Şuşanın üzərində qara buludlar yoxdur. Onun səmasında qartallar süzür. Daşaltıdan isə qəhrəman Azərbaycan əsgəri qalxaraq Şuşanı AZAD etdi...

P.S. Evimizin sənədlərini Şuşa Qoruq idarəsinə göndərmişəm. Tezliklə təmir başlayacaq.
Və o qapının yeni AÇARI olacaq...