Beyləqanda yol polisi maşını atla toqquşub- QƏZA haqda məlumat niyə gizlədilir

11:38 19-08-2019 65

Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında heç şübhəsiz yol polislərinin müstəsna xidmətləri vardır. Qayda-qanuna əməl etmək istəməyən, kimlərəsə güvənən, "papanın gül balası" olmasına arxayın olan yüzlərlə sürücü yol polisləri olmasa yollarda nə oyun çıxararlar, onu təsəvvür eləmək belə çətindir.
Lakin bəzi hallarda yol polisləri özləri də qəzaya düşürlər, yaxud qəza törədirlər.

Azerinfo.tv saytı müxtəlif vaxtlarda qəza törədən, qəzaya düşən yol polislərinin siyahısını təqdim edir.
Bir müddət öncə Bakıda - Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində belə bir yol qəzası baş vermişdi. Belə ki, 1987-ci il təvəllüdlü Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus "BMW" markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi "Opel" markalı 90 GT 630 nömrəli maşını arxadan vurmuşdu.
Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində baş verən qəzada 2 nəfər ölmüşdü. Yol polisi əməkdaşı, 29 yaşlı Malik Məhərrəmovun idarə etdiyi 20 CF 267 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillə 45 yaşlı İlqar Aslanovun idarə etdiyi "VAZ 2101" markalı avtomobil toqquşmuşdu. Qəza zamanı "VAZ-2101" markalı avtomobilin sürücüsü və həyat yoldaşı 41 yaşlı Təranə Aslanova ölüblər.
Paytaxtın Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı "BMW" ilə "QazEl" markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşub. Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb.
Salyan rayonunda da YPX maşını qəza törətmişdi. Hadisədə 2 nəfər ölüb və 3 nəfər xəsarət alıb.
Paytaxtın Nərimanov rayonunda, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünün inspektoru, polis serjantı Rasim Vasif oğlu İsmayılovun idarə etdiyi BMW markalı, 99 YP 461 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakini Mahmud Şəmməd oğlu Həsənovun idarə etdiyi "Baic" markalı maşınla toqquşub.
Bakının Badamdar qəsəbəsində 1987-ci il təvəllüdlü çavuş İsmayılov Vüsal Şəmsəddin oğlu idarə etdiyi Yol Patrul Xidmətinə məxsus xidməti motosikleti aşırıb. Sürət yüksək olduğundan V. İsmayılov motosikletdən yerə yıxılıb və ağır xəsarət alıb.
Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Sumqayıt-Bakı yolunda Dövlət Yol Polisi (DYP) əməkdaşının idarə etdiyi "BMW" markalı avtomobil "Audi" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində DYP avtomobili yararsız vəziyyətə düşüb.
Bayılda, Bayraq meydanının yanında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşı, tağım komandiri, baş leytenant Əlizadə Məmmədəli idarə etdiyi 99 YP 350 dövlət nömrə nişanlı maşını meydanın yaxınlığında yol qırağındakı maneəyə çırpıb. Sürücü xəsarət alıb.
Göyçay rayonunda da Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil qəza törədib.
Göyçay rayon sakini, 1951-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi "Opel" markalı minik avtomobili ilə köməkçi yoldan baş yola çıxan Göyçay Rayon Polis Şöbəsinin DYP bölməsinə məxsus, YPX əməkdaşı Elman Əliyevin idarə etdiyi "BMW" markalı, 99-YP-621 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəbələ rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəbələ Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı olan çavuş İslam Manafov hadisə zamanı ağır bədən xəsarətləri alıb. O, Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Bir müddət öncə Tovuzda iki polisin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Yuxarı Öysüzlü kəndində Tovuz rayon Polis Şöbəsinə məxsus xidməti avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.
Mingəçevir şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.
"BMW" markalı 99-YP-883 dövlət nömrə nişanlı yol polis patrul avtomobilinin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayaraq sürətlə reyd edərək qarşısındakı "Hyundai Sonata" maraklı avtomobillə toqquşub. Nəticədə idarəetməni itirən 99-YP-883 yol polis patrul avtomobili səkidə dayanan 25-30 yaşlı gənci vurub. Zərbənin təsirindən vətəndaş hadisə yerindəcə keçinib.
Bakı-Qazax-Gürcüstan avtomagistral yolununun Şəmkir ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisəni törədən şəxs Şəmkir rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşı olub.
Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Qəzanı törədən sürücü yol polisi əməkdaşı olub. Polis baş serjantı Ramin Tahirov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş. Qəza baş verən zaman onun avtomobilində dostu və iki qadın da olub. Ramin Tahirovla yanaşı, həmin qadınlar da qəza zamanı həlak olub. Dostu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Azerinfo.tv-yə verilən məlumata görə bir həftə əvvəl Beyləqan Yol Polisi işçiləri qəza törədiblər.
Hadisə Daşburun-Bəhramtəpə yolunda, “Beyləqan bulağı” adlanan yerdə baş verib. Həmin vaxtı 99-YP-636 dövlət nömrə nişanlı yol polisi maşını hansısa sürücünü təqib edirmiş . Halbuki həmin vaxt məhz bu patrul maşını həmin ərazidə xidmətdə olmayıb. Özləri sürət həddini keçən polislər qəza vəziyyəti yaradıblar. Nəticədə yolsa olan atla toqquşublar. Zərbədən maşın yararsız hala düşüb.
Qanunla qəza haqda nazirliyə məlumat verilməli, polislərin özləri haqda inzibati protokol tərtib edilməli idi. Lakin hadisə gizlədilib. Yararsız maşın fərdi evlərin, yəni ustanın birində təmir etdirilir.
Hadisənin tam təfsilatı baradə məlumat verəcəyik.