44 günlük şanlı mübarizənin başladığı tarixdə dünyaya göz açmış şəhidlərimiz - FOTO

17:40 27-09-2021 327

27 sentyabr - bu gün 44 günlük şanlı Vətən müharibəsinin başlanıldığı tarixdir. Azərbaycanın 44 gün davam edən haqq mübarizəsində 2 914 hərbi qulluqçusu qəhrəmancasına şəhid olub.

Onların arasında şanlı mübarizənin başladığı tarixdə dünyaya göz açmış hərbi qulluqçularımız da var. 

Azərbaycan Ordusunun baş leytenantı Muradlı İlkin İlyas oğlu, müddətdən artıq xidmət edən hərbi qulluqçu, kiçik çavuş Ələsgərov Pərviz Lətif oğlu, əsgər Tağıyev Kamran Fikrət oğlu, Qurbanlı Nurlan Süleyman oğlu, Dadaşov Nurlan Səyyad oğlu və əsgər Bəkirli Azad Rasim oğlu 27 sentyabr tarixində dünyaya göz açmış və Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olmuş hərbi qulluqçularımızdandır.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi İlkin İlyas oğlu Muradlı 27 sentyabr 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirərən Vətən müharibəsi şəhidi 2014-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və 2017-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətinə başlayıb. O, 29 iyun 2020-ci ildə baş leytenant rütbəsi alaraq hərbi xidmətini davam etdirib. Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib, Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşub, 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şuşa-Kəlbəcər istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə, İlkin Muradlı ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Pərviz Ələsgərov 1984-cü il sentyabrın 27-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə, Pərviz Ələsgərov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tağıyev Kamran Fikrət oğlu 27 sentyabr 2001-ci ildə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. 2 oktyabr 2019-cu il tarixdə Vətənə xidmət üçün ordu sıralarına çağrılan Kamran Tağıyev Goranboy rayonunun Ağca kəndində hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Tağıyev 31 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmuş Qurbanlı Nurlan Süleyman oğlu 2001-ci il sentyabrın 27-də Xırdalan şəhərində anadan olub. O, 2019-cu il oktyabrın 3-dən Cəlilabad rayonundakı N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçməyə başlayıb. Vətən müharibəsində şərəfli döyüş yolu keçib və 2020-ci il oktyabrın 5-də Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nurlan Qurbanlı ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər Dadaşov Nurlan Səyyad oğlu 27 sentyabr 2021-ci ildə Kürdəmir rayonunda anadan olub. O, Murovdağ, Füzuli, Xocavənd və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Ölümündən sonra Nurlan Dadaşov “Füzulinin azad olunmasına görə”, “Vətən uğurunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.  

“SOCAR Polymer”in əməkdaşlı olmuş Vətən müharibəsi iştirakçısı Bəkirli Azad Rasim oğlu 27 sentyabr 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olub. Hərbi xidmətini bitirdikdən sonra “Bakı Metropoliteni”ndə və “SOCAR Polymer” şirkətində çalışıb. Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində orduya qoşulub, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Azad Bəkirli oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidlərimizi hörmətlə anırıq!