Düşmənin vurduğu tankla döyüşə qatılan igidimizin anası: “Tabutunu başımda apardım” - FOTO

13:20 29-09-2021 313

Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Torpaqlarımızın mənfur düşməndən azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 hərbi qulluqçusu şəhid olub. 

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də gizir Cavid Sahratovdur. 

Şəhidin anası Səkinə Sahratov deyir ki, oğlu müharibəyə könüllü olaraq qatılıb:

“Cavid 1981-ci il dekabrın 23-də Yardımlı rayonunun Əsədabad kəndində anadan olub. Elə doğulduğu kəndə də orta məktəbdə təhsil alıb.

Cavid uşaqlıqdan hərbçi olmaq arzusunda olub. Oğlum 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. O, tank komandiri idi və 2016-cı il Aprel döyüşlərində vuruşub.

Oğlum 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Cavid müharibəyə könüllü şəkildə qatılıb və döyüş yoldaşları ilə birlikdə düşmənə ağır zərbələr endiriblər”.

Şəhidin anasının oğlunun tabutunu çiyinlərində daşıması uzun müddət gündəmdən düşmədi. 
Səkinə ana bu barədə də danışıb:

“Cavidin 5 yaşı olanda onu başımda bulaqdan gətirmişdim. Döyüş bölgəsində şəhid olan zaman tabutu həyətə gələndə özüm oğlumu başımda apardım və Allaha təslim etdim. Oğlum şəhid olub, yüksəklərə ucaldı.

O, bizə qarşı həmişə mehriban olub. Onun və bütün şəhidlərin ruhları şad olsun. Bir ana kimi, vətəndaş kimi onların qarşısında baş əyirəm”.

Şəhidin qardaşı Səbuhi Sahratlı da qəhrəmanımızın döyüş yolundan danışıb. 

O bildirib ki, şəhidlərə hər bir Azərbaycan vətəndaşının qəlbində böyük ehtiram var:

“Biz onlarla fəxr edirik. Qardaşım Vətən müharibəsində igidliyi, cəsurluğu ilə seçilirdi. Düşmənə “dəmir atı” (idarə etdiyi tank nəzərdə tutulur - red.) ilə zərbələr vurub. 30 illik istehkamın dağılmasında fəal iştirak edib, Füzuli və Cəbrayılın alınmasında fərqlənib, düşmənin canlı qüvvəsini və texnikasını məhv edib.

Qardaşımın və heyətinin sonuncu döyüşündə tankları zədələnir və onlar yüngül xəsarət alaraq çıxıblar.

Döyüş yoldaşlarının oradan salamat çıxartdıqdan sonra Cavid geri qayıdır. Yoldaşları ona nə qədər tankın ondan dəyərsiz olduğunu söyləsələr də, o, heyətin heç bir sözünə qulaq asmadan geri qayıdaraq tankda oturur və manevr edərək düşmənə zərbə endirir. Bu anda mənfur düşmənin qardaşımın tankını ikinci dəfə vurur və ölümü ilə ölümsüzlük qazanır”.

O deyir ki, qardaşı həmişə mehriban olub:

“Hər zaman haqqın yanında olardı. Anamla onu arasında həmişə fərqli bağ var idi. Ona görə də anam sonuncu dəfə qardaşımın tabutunu başı üzərinə qaldıraraq, onu Allaha əmanət etdi”.

Cavid Sahratov 2010-cu ildə evlənib. Onun vətənə iki oğlu bir qızı yadigar qalıb. 

Şəhidimiz Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Sahratov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

Qəhrəmanımız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 

İlhamə Əbülfət