Doğum günü olan şəhidlər - FOTO

15:00 29-09-2021 335

Ötən ilin bu günlərində hərbçilərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda düşmənlə mübarizə aparırdı. Bu gün Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadaraq şəhidlik zirvəsinə ucalanlardan doqquz nəfərin doğum günüdür.

HerGun.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini hörmət və ehtiramla yad edir.

Vətən müharibəsi şəhidlərindən olan MAHHXHQ əsgər Alxasov Elməddin Rəsul oğlu 1994-cü ildə Xaçmazın Qaradağ Buduq kəndində anadan olub. Sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində başlayan Vətən müharibəsində iştirak edən E.Alxasov qəhrəmanlığı ilə seçilib. Döyüşlərdə snayperçi kimi düşmənin canlı qüvvəsini məhv edən igidimiz oktyabrın 10-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elməddin Alxasov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidimiz Elşən Alxas oğlu Aslanov 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində doğulub. Orta təhsilini Azər Namazov adına 180 N-li tam orta məktəbdə alıb. Vətən müharibəsi zamanı könüllü olaraq xidmət keçmək üçün ön cəbhəyə yollanıb. Füzuli, Xocavənd uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. Qəhrəmanımız arzusunda olduğu şəhidlik zirvəsinə ucalıb.

Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elşən Alxas oğlu Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Bağırlı Hikmət Qəhrəman oğlu 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qrupunda xidmət edib. Sentyabrın 29-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidimiz sentyabrın 30-da doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Hikmət Bağırlı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Əsgər Nuriyev Vüqar Hafis oğlu 2000-ci ildə İmişli rayonunda anadan olub. 2007-2018-ci illərdə şəhid Şahin Məmmədov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. Vüqar Nuriyev 2018-2020-ci illərdə Naxçıvan MR-nın Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşan V.Nuriyev Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Vüqar Nuriyev ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Əsgər Qasımlı Mirhəmid Nazim oğlu 1994-cü ildə Bakı şəhərində anadan olub. Əslən Xızı rayonundan olan şəhidimiz 240 nömrəli orta məktəbi bitirib. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb.

Mirhəmid Qasımlı Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonları istiqamətində döyüşlərdə iştirak edib. O, oktyabrın 21-də Füzuli uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunsa da, daha sonra məzarı İkinci Şəhidlər xiyabanına köçürülüb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Mirhəmid Qasımlı ölümündən sonra “Vətən uğrunda” medalları ilə təltif edilib.

Əsgər Qənbərov Bilal Xanlar oğlu 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə E.Əliyev adına 162 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bilal Qənbərov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Bilal Qənbərov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Rzayev Əlirza Mehman oğlu 2000-ci il tarixdə Salyan şəhərində anadan olub. Salyan şəhər 4 saylı orta məktəbi bitirib. 2018-ci ildə Qərb Universitetinin nəzdində olan Qərbi Kaspi Kollecinə daxil olan Ə.Rzayev 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə gedib. Hərbi qulluğunu düşmənlə təmas nöqtəsi olan Murovda edib. Vətən müharibəsi başlayan andan Əlirza topçu kimi döyüş mövqeyində olub, Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə iştirak edib.

20 yaşı tamam olan gün düşmənin atdığı mərmi nəticəsində şəhid olub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Əlirza Rzayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əsgər Səfərli Amil Nizami oğlu 1994-cü il sentyabrın 29-da İmişli rayonunun Çahar kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Səfərli noyabrın 5-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Amil Səfərli “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Şıxıyev Orxan Raqif oğlu 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Şıxıyev noyabrın 2-də Şuşa döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Orxan Şıxıyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Könül Cəfərli