Avropa Oyunlarında 13 cüdoçumuz mübarizə aparacaq - ADLAR

14:00 16-05-2019 7

21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında mübarizə aparacaq cüdoçularımızın adlarına aydınlıq gəlib.

HerGun.Az-ın xəbərinə görə, komandamız Şərqi Avropa ölkəsində 13 idmançı ilə mübarizə aparacaq. 

Kişi millimiz yalnız bir çəkidə (-81 kq) təmsil olunmayacaq. Digər altı çəkidə doqquz idmançımız olacaq. Bunlar Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi -60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq) və Uşanqi Kokauridir (+100 kq).

Qadın millimiz isə üç – 63, 70, 78 kq çəki dərəcələrində mübarizə apara bilməyəcək. Belarusa gedəcək qadın idmançılarımız isə bunlardır: Aişə Qurbanlı (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İçinxorlu Munxtsedev (-57 kq) və İrina Kindzerskaya (+78 kq).

Qeyd edək ki, II Avropa Oyunlarında cüdo yarışları 22-25 iyun tarixlərində keçiriləcək. Bu turnirin cüdo yarışlarının mükafatçılarına iki medal veriləcək. Belə ki, yarış həm də cüdo üzrə Avropa çempionatı statusunda olduğundan, mükafatçılara həm Avropa Olimpiya Komitəsinin, həm də Avropa Cüdo Birliyinin medalları təqdim ediləcək.

Səbuhi MUSAYEV