Aleksandr Proxanov: “Makron Ermənistanı dəstəkləmək istəyirdi. O nə əldə etdi? Heç nə”

14:20 30-09-2021 479

ABŞ və Qərb koalisiyası Əfqanıstanı tərk etdikdən sonra bir çox ekspert Qərbin postsovet məkanında fəallığının zəifləyəcəyini proqnozlaşdırdı. Amma bu, hər-halda Cənubi Qafqazda baş vermədi. Qərb Ermənistandakı fransalı və amerikalı diplomatların köməyi ilə öz fəallığını göstərir.

Rusiyalı tanınmış yazıçısı, siyasi və ictimai xadim, İzborsk klubunun qurucularından biri və sədri Aleksandr Proxanov HerGun.Az-a müsahibəsində bildirib ki, Qərb postsovet məkanına Sovet İttifaqının tənəzzülündən və Rusiyanın bu ölkələri tərk etməsindən dərhal sonra gəlib.

“Moskva geri dönməyə çalışır, amma başa düşmək lazımdır ki, boşluq dərhal Qərb tərəfindən dolduruldu. Sonra başqa bir rəqib gəldi - Çin. İndi burada Türkiyə də var. Müasir postsovet, Asiya məkanı çox çətin rəqabət yeridir. Orada Çin, Avropa (əsasən anqlo-sakslar) və Türkiyə mübarizə aparır”, - deyə Aleksandr Proxanov qeyd edib.

- Cənubi Qafqazda Rusiya və Türkiyə kifayət qədər yaxından əməkdaşlıq edir. Söhbət Qarabağdan gedir. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

- Rusiya ilə Türkiyə arasında əməkdaşlıq mürəkkəb və eyni zamanda praqmatikdir. Rəqabət var. Xatırlayaq ki, Türkiyə Krımı Rusiya ərazisi kimi tanımır. Amma eyni zamanda bir sıra digər məsələlərdə də əməkdaşlıq edirik. Moskvanın xoşuna gəlir ki, Ankara Rusiyadan silah sistemləri alaraq Qərblə toqquşmalara getməyə hazırdır. Turistlərimiz Türkiyəyə gedir. Rusiya bir vaxtlar Türkiyə tərəfinə çevriliş ehtimalı barədə xəbərdarlıq etmişdi. Ancaq bir Rusiya təyyarəsi də vuruldu. Yəni, bu, ziddiyyətli münasibətlərin ən çətin qarışığıdır.

Qarabağa gəlincə, orada vəziyyət sabitdir. Və bu sabitlik Türkiyənin iştirakı olmadan əldə edilməyib, çünki Ankara Azərbaycan siyasətində mühüm rol oynayır. Mövcud sabitlik yalnız Rusiya, Türkiyə və Azərbaycanın əldə etdiyi kompromisin olduğu halda mümkündür.

- Bəs Qərbin Qarabağ probleminin həll olunduğunu qəbul etmək istəməməsini nə ilə izah etmək olar?

- Onların əlləri boş qaldı. İndi Qərbdə nə istəsələr deyə bilərlər. Xatırlayaq ki, həmin Fransa prezidenti Emmanuel Makron keçən ilki müharibə zamanı Ermənistana dəstək olmaq istəyirdi. O nə əldə etdi? Heç nə. Buradakı digər xarici oyunçular Rusiya və Türkiyədir.

Hətta o erməni qüvvələri ki, Qərbə rəğbət və Rusiyaya düşmən münasibət bəsləyir, Azərbaycana münasibətlərini nəzərə almasaq belə, Qərbə, ABŞ və ya Fransadakı olan “böyük erməni diasporu”na olan ümidlərinin boşa çıxdığını başa düşdülər.

Nair Əliyev