Şamaxıda yaradılan “YAŞA” mərkəzinin fəaliyyəti davam edir - FOTO

15:20 04-10-2021 336

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” layihəsi çərçivəsində Şamaxı şəhərində yaradılan “YAŞA” mərkəzinin fəaliyyəti davam edir.

Mərkəzdə sentyabr ayı ərzində mütəmadi olaraq müasir texnologiyalardan istifadə, şahmat, kino saatı, vitraj və poeziya saatı, maliyyə savadlılığı üzrə təlimlər keçirilib.

Həmçinin nəsillərarası dialoqun inkişaf etdirilməsi məqsədilə yaşlı nəslin nümayəndələri öz nəvələri ilə mərkəzə dəvət olunaraq müxtəlif növdə əl işlərinin hazırlanması fəaliyyətlərində birgə iştirak ediblər. Mərkəzdə keçirilən tədbirlər zamanı ümumilikdə 127 nəfər iştirakçı xidmətlərdən faydalanıb.

Xatırladaq ki, mərkəzin yaradılmasında əsas məqsəd yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.

“YAŞA” mərkəzində maarifləndirmə, sağlamlıq, yaradıcılıq istiqamətində təlim və tədbirlər həyata keçirilir.

Ətraflı məlumat almaq üçün 020 265 05 07 və ya 055 516 50 02 nömrələrinə müraciət etmək olar.