“Azərbaycana İran əleyhinə müttəfiqlər lazım olsaydı, bunu illər öncə edərdi” - FOTO

21:40 04-10-2021 473

“Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan Respublikasının rəsmən bəyan etdiyi konstitusion niyyətidir. Bu çərçivədə Azərbaycan başqa dövlətlərlə, o cümlədən möhkəm tarixi bağların və əməkdaşlıq ənənələrimizin mövcud olduğu İranla da münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat təəssüflə qeyd edib ki, Azərbaycan tərəfin bütün səylərinə baxmayaraq İran kökü əsrlərə dayanan qonşuluq münasibətlərimizin hazırkı mərhələsində qeyri-adekvat davranışlara yol verir, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini, o cümlədən beynəlxalq hüquqla tanınmış sərhədlərin toxunulmazlığı prinsipini görməzdən gəlir:

“Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın erməni həmkarı Ararat Mirzoyanla birgə bəyanatının məzmunu da bu baxımdan təəccüb və təəssüf doğurur. Cənab Abdullahian qeyd edir ki, “İran Ermənistan münasibətlərinə hər hansı üçüncü ölkənin müdaxiləsinə imkan verilməyəcək”. Bəli, beynəlxalq hüquq da bu tezisi dəstəkləyir ki, dövlətlərin ikili əlaqələri onların suveren hüququdur və bu münasibətlərə üçüncü ölkənin müdaxiləsi yol verilməzdir. Lakin, cənab Abdullahian unutmamalıdır ki, söhbət beynəlxalq hüququn müstəqil subyektlərindən, suveren dövlətlərdən gedir”.

Onun sözlərinə görə, bir dövlətin beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində baş qaldırmış hər hansı separatçı ilə əlaqələr qurmağı, separatizmə aşkar surətdə 30 il ərzində yardım etməyi, təcavüzkarı ayaqda saxlamağı nə beynəlxalq hüquq, nə beynəlxalq əxlaq, nə mənəviyyat nə də ortaq inancımız qəbul edə bilməz:

“Görünən odur ki, İran beynəlxalq hüquqla tanınmış sərhədlərin toxunulmazlığı prinsipinin əsl mahiyyətini ya başa düşmür, ya da Tehranın çoxəsrlik münasibətlərimizə xələl gətirməkdə olan əsl niyyəti buna imkan vermir. Vətən müharibəsi dövründə də, indi də İranın bir növbətçi tezisi var ki, “Azərbaycan və İran sərhədi yaxınlığında hansısa üçüncü qüvvələr var, yaxud, bu qüvvələr təhrikedici cəhdlər göstərməkdədir".

Əvvəla, ondan başlayaq ki, müttəfiq seçmək, əməkdaşlıq qurmaq bizim suveren hüququmuzdur. Necə ki, cənab Abdullahian bəyanatında “İran-Ermənistan münasibətlərinə hər hansı üçüncü ölkənin müdaxiləsinə imkan verilməyəcək” deyir, eləcə də bizim də ərazimizə kimisə dəvət etmək, ərazimizdən kimisə çıxarmaq məzmunlu suveren hüququmuza heç kimin, o cümlədən də Tehranın qarışmağa haqqı yoxdur.

İkincisi, bu gün Xarici işlər nazirliyinin yaydığı şərhdə də, o cümlədən, bu ilin fevralın 26-da mətbuat konfransında iranlı təxribatçının sualına cənab İlham Əliyevin cavabında da konkret formada tələb olundu ki, buyurun Azərbaycanda üçüncü qüvvələrin, terrorçuların olması ilə bağlı ortaya fakt qoyulsun. Nəticə oldu? Nə İrandan, də bu mənasız və əsassız iddianı ortaya atıb müdafiə edən digər dövlətlərdən səs çıxmadı. Çıxa da bilməzdi, çünki, belə bir fakt, belə bir hal yoxdur.

Üçüncüsü, sirr deyil ki, Tehranın bizə bu gün münasibəti nədirsə, illər öncə də elə olub. Belə bir şəraitdə, Azərbaycana İran əleyhinə müttəfiqlər lazım olsaydı, rəsmi Bakı bunu illər öncə edər, ərazisindən Tehrana qarşı istifadə olunmasına imkan yaradardı. Lakin, Azərbaycan sübut etdi ki, cənub qonşusuna münasibətdə səmimidir, ikili standartlarla hərəkət etmir, etməyəcək də. Amma təəssüf ki, biz öz cənub qonşumuzdan eyni münasibəti hiss etməmişik. Əksinə, çox qəribə bir reallıq meydana çıxıb, biz 30 il məsciddə donuz saxlayan bir təcavüzkarı, barbarı məğlub etmişik, öz ərazilərimizi işğaldan azad etməklə yanaşı, həm də müqəddəs dinimizi tənədən, təhqirdən qurtarmışıq, indi İslam Respublikası bizə həmrəy və mütəşəkkir olmaq əvəzində, bizimlə separatçılara yük daşımaq davası aparır. Kaşki, Tehran ən azı 35 milyonluq Azərbaycan türkü olan vətəndaşının xatirinə bu 30 ildə bir kərə indiki kimi qəti reaksiya verib, işğal və təcavüzü demirəm, heç deyilsə, məscidlərə qarşı vandalizm aktlarına, müsəlman qəbirlərinin dağıdılmasına etirazını bildirəydi. Bununla cənub qonşumuz haqq naminə daha səmimi hərəkət etməklə bölgədə mövcud nüfuzunun bu qədər tükənməsinə yol verməzdi”.