Fərid Qayıbov rusiyalı jurnalistə FIG prezidentliyi uğrunda mübarizəsindən danışdı

22:40 04-10-2021 439

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Rusiyanın “Sport-ekspress” nəşrinə müsahibə verib.

Azərbaycanlı nazir Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidentliyinə namizədliyindən, Rusiyada ali təhsil almasından, FIG prezidentliyi uğrunda mübarizədəki rəqabətdən və digər bir sıra maraqlı məqamlardan danışıb.

Yeni təyin olunan gənclər və idman naziri bildirib ki, onun Beynəlxalq Gimnastika Federasiyasının fəaliyyətində müəyyən dəyişkliklər etmək fikri var: “Məsələn, mənə elə gəlir ki, Dünya Kuboku və İdman gimnastikasi üzrə “Challenge” Kubokunın hazırkı formatına yenidən baxmaq lazımdır. Bunlar vahid formatlı, aydın quruluşlu yarışmalar olmalıdır. Bundan sonra belə bir məhsula televiziyada tələbat yaranacaq. Ümumiyyətlə, marketinq əsas sahələrdən biridir. Burada rəqabət imicini formalaşdıraraq yarışlara maraq yaratmaq lazımdır”.

Fərid Qayıbov jurnalistin ona ünvanladığı “eyni dildə danışdığımızı nəzərə alsaq, seçkilərdə Rusiyanın dəstəyinə ümid edirsinizmi” sualını isə belə cavablandırıb:

“Bu məqama toxunduğunuza görə sizə minnətdarlığımı bildirirəm. Mən rus dilində təhsil almışam, Sankt-Peterburqda Lesqaft İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişəm. Təbii ki, indi müxtəlif ölkələrin nümayəndələri ilə çoxlu görüşlər keçiririk. İstərdim ki, bütün Avropa federasiyaları nə istədiyimizə və buna necə nail olmağı planlaşdırdığımıza dair ümumi mövqeyə, vahid bir fikrə sahib olsunlar. Bu bizdə alınacaqmı? Zaman göstərəcək”.

Jurnalist Fərid Qayıbovdan kişilərin bədii gimnastika yarışlarında təmsil olunmasına dair münasibətini və bu növün olimpiada yarışlarındakı prespektivi barədə soruşub. Azərbaycanlı nazir xatırladıb ki, FIG kişilərin bədii gimnastika yarışlarında təmsilçiliyini hələ tanımayıb.

“Bunun baş verməsi üçün uzun bir yol qət etməli və sonra olimpiada haqqında düşünmək lazımdır. Əgər idmanın bu növü maraqlı, perspektivli və populyar olarsa, təbii ki biz onun inkişafını dəstəkləyəcəyik”.