Saakaşvilinin partiyasının lideri deputat mandatından məhrum edildi

21:00 05-10-2021 342

Gürcüstan parlamenti ən böyük müxalifət partiyası “Vahid Milli Hərəkat”ın (VMH) lideri və Tbilisi meri postuna namizəd Nika Meliyanı deputat mandatından məhrum edib.

İclasda qeydiyyatdan keçən 83 gürcüstanlı millət vəkilindən 79-u bu qərarın lehinə səs verib, əleyhinə səs verən olmayıb.

Belə ki, ən böyük müxalifət partiyası olan VMH-nı ölkə parlamentində 150 deputatdan 31-i təmsil edir.

İyulun sonunda hakim “Gürcü arzusu - demokratik Gürcüstan” partiyası müxalifətlə Avropa Şurasının sədri Çarlz Mişelin himayəsi altında imzalanan müqavilənin ləğvini elan etdikdən sonra Meliya deputat mandatından istefa verdi.

Nika Meliya ikinci dəfə parlament səlahiyyətlərindən məhrum edilib. İlk dəfə parlament bu ilin əvvəlində prokurorluğun tələbi ilə onu mandatdan məhrum etdi. O, kütləvi zorakılıqların təşkilində, iştirakında və parlamentə hücum etmək cəhdində ittiham edildi. Onun tutulması üçün xüsusi əməliyyat keçirilib.

Meliya Avropa İttifaqı tərəfindən ödənilən girov müqabilində beynəlxalq ictimaiyyətin təzyiqi ilə sərbəst buraxılıb.

Hazırda Nika Meliya yerli seçkilərin ikinci turunda faktiki mer olan Kaxa Kaladzenin əsas rəqibidir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü arzusu”nun namizədi Kaxa Kaladze 45,04 %, VMH-nin namizədi Nika Meliya isə 33,96 % səs toplayıb.

Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilərin ikinci turu oktyabrın 30-da baş tutacaq.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili VMH-nin üzvüdür.

Mənbə: “Sputnik Gürcüstan”