Külli miqdarda aksizsiz siqaret ələ keçirildi - FOTO

22:18 19-08-2019 987

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə müxtəlif yollarla ölkəyə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan tütün məmulatlarının "Chevrolet Aveo" markalı avtomobillə paytaxtın Süleyman Rəhimov küçəsindəki köşklərdən birinə aparılması barədə məlumat daxil olub.

Komitədən HerGun.Az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda müvafiq tədbirlər həyata keçirib.

Avtomobildən düşərək köşkə daxil olan Azərbaycan Respublikası vətəndaşının əlindəki torbaya baxış zamanı orada tütün məmulatlarının olduğu müəyyənləşdirilib.

Daha sonra həmin şəxs avtomobildə və köşkdə də tütün məmulatlarının olduğunu etiraf edib.

Yoxlama zamanı həmin şəxsin əlindəki torbadan, avtomobildəki çantadan, köşkün vitrinindən və divarında düzəldilən xüsusi saxlanc yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 61 200 ədəd müxtəlif markalı siqaretlər, 1 ədəd karton qutuda qablaşdırılan Azərbaycan Respublikasına məxsus 110 ədəd aksiz markası və 4 ədəd ülgüc aşkar edilərək götürülüb.