Döyüş meydanında 5 saat yaralı qalan qazi: “Vətən müharibəsi tarixə qızıl hərflərlə yazılmalıdır” - FOTO

16:20 07-10-2021 362

“Vətən müharibəsindən bir il keçsə də biz şəhidlərimizi, o qürurla xatırladığımız döyüşləri unutmuruq”. 

44 günlük Vətən müharibəsində şəhidlərimizlə yanaşı qazilərimiz də var. Azərbaycan Ordusunun qazisi Murad Babayev də tarixi qələbəyə aparan Vətən müharibəsinin iştirakçılarındandır. Müharibə boyu ailəsindən, körpə oğlundan ayrı qalan qazimiz deyir ki, müharibənin ilk günlərindən hər kəs bir nəfər kimi qələbəyə inanıb.

Qazimiz HerGun.Az-ın əməkdaşı ilə söhbətində bu gün qazanılan qələbəyə görə şəhidlərimizə borclu olduğumuzu vurğulayıb:

“Oktyabrın 1-də Füzulinin Seyidəhmədli kəndində gedən döyüşlərdə iştirak etmişəm. Döyüşlər zamanı yaralansam da mübarizəni davam etdirdim. Oktyabrın 11-i günorta saatlarında hücuma keçdik. Bölük komandiri, mən və 15 nəfər heyətlə irəli getdik. Təəssüf ki, düşmənin atdığı minaatan mərmisi yaxınlığımıza düşdü və yaralandım. 5 saat yaralı qaldım və Füzuli xəstəxanasına aparıldım. Tək mən yox, bütün yaralı hərbçilərimiz müalicədən sonra döyüşə can atırdı. 

Hətta hər kəsin əkiz qardaşlar kimi tanıdığı İman və Bəhram Məmmədovlar da mənimlə eyni istiqamətdə döyüşüblər. Cəbrayıl istiqamətində döyüşlərimiz davam edirdi. Bu döyüşlər tarixə qızıl hərflərlə yazılmalıdır, hər bir şəhidin qəhrəmanlığına film çəkmək olar. 

İman döyüşdə qumbaratan idi. Qardaşı ilə birlikdə çox qəhrəmancasına vuruşurdular. İman minaatan qarşısında yerə əyilmirdi, çox mərd oğul idi. Biz əvvəl onları döyüşə bir-bir buraxmaq istədik. Lakin onları bir-birindən ayıra bilmədik. Hər ikisi eyni anda döyüşə girəcəklərini dedilər və onlara kimsə mane ola bilmədi. Təəssüf ki, onları şəhid verdik. Amma torpaq uğrunda ölən varsa, Vətən var. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev