8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində nələr baş verir?

22:44 07-10-2021 45

Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin mühasibi Aysel Fərmanlı işdən çıxarıldığına görə şikayətçidir. Bu idarə Gəncə şəhəri, Samux, Goranboy, Naftalan, Kəlbəcər rayonlarında yerləşən orta məktəblərin maliyyə məsələlərini həyata keçirir.

Məktəblərin direktorları hər ayın sonunda maaş cədvəllərini Mərkəzə təqdim edirlər, orada müvafiq əməliyyatlar həyata keçirildikdən sonra Təhsil Nazirliyinə göndərilir. Müəllimlərin əmək haqları bu prosesdən sonra maaş kartlarına köçürülür.

A.Fərmanlının işdən çıxarılmasına gəlincə, şikayətçi deyir ki, Hesablama Mərkəzinin rəhbəri Fəraid Qəhrəmanov ona qarşı qanunsuzluğa yol verib, bu da onun qurumda yaratdığı dözülməz atmosferlə bağlıdır: "Fəraid Qəhrəmanov Mərkəzdə öz qaydalarını tətbiq edib. Bu "qaydalara" tabe olmayan işçilərə isə "torba tikilir", gözümçıxdıya salınır, əmək müqaviləsinin müddəti uzadılmır. "Heç bir əməkdaş direktorun komfortunu poza, onun himayəsində olan yaxın çevrəsinin tapşıqılarından boyun qaçıra bilməz",- şikayətçi gileylənir.

Aysel Fərmanlı bildirir ki, 2020-ci ilin iyulun 1-dən 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində mühasib kimi əmək fəaliyyətinə başlayıb. Onun sözlərinə görə, əvvəlcə analıq məzuniyyətinə çıxan əməkdaşı əvəz edib, daha sonra əmək müqaviləsi ilə işə götürülüb.

Şikayətçi ixtisaslı kadr olduğunu, sahəsi üzrə bütün proqramlardan, texnoloji yeniliklərdən xəbərdar olduğunu deyir. Həmçinin korrupsiya, qanunusuzluq hallarına qarşı həmişə barışmaz mövqedə dayandığını vurğulayır. Bildirdiyinə görə, elə rəhbərliklə konflikt də onun prinsipiallığına görə yaranıb: "Mən Mərkəzdə Gəncə şəhərində yerləşən 14 saylı orta məktəbin mühasibi idim. Bu məktəb problemləri, narazılıqları ilə şəhərdə məşhurdur. Təsəvvür edin, məktəbin 200 nəfərlik kollektivi direktor Gülşən Məmmədovanın işdən çıxarılmasını tələb edir. Səbəb kimi məktəbdə baş verən qanunsuzluqları, tədris mühitinin pozulmasını göstərirlər. Onunla bağlı prokurorluğa, məhkəməyə çoxsaylı şikayətlər ünvanlanıb. Amma bütün şikayət və tələblərə rəğmən o vəzifəsində qaldı. Çünki onu himayə edən "güclü əllər" var. Onların sırasında Fəraid Qəhrəmanovu, Mərkəzin baş məsləhətçisi İlhamə Muradovanı da göstərmək olar".

A.Fərmanlı qeyd edir ki, sözügedən qanunuszluqlarla bağlı dəfələrlə Fəraid Qəhrəmanova, o cümlədən Gəncə Şəhər Təhsil İdarəsinin müdüri Anar Qədiməliyevə, Mərkəzdə yoxlama aparan nazirliyin əməkdaşlarına şikayətini bildirib: "Amma heç bir tədbir görülmədi. Gülşən Məmmədova maliyyə sənədlərini mənə həmişə ayın sonuncu günü, iş gününün sonuna lap az qalmış gətirirdi. Bunu qəsdən edirdi ki, mən onun təqdim etdiyi maaş təyinatlarını yoxlaya bilməyim".

Aysel Fərmanlı deyir, G.Məmmədovanın əsas “tərəfdaş”larından biri Mərkəzin baş mühasibi İlhamə Muradovadır: "Bu xanım F.Qəhrəmanovun ən imtiyazlı işçisidir, onun sözünün qarşısında heç kim söz deyə bilməz, hamı onun qulluğunda dayanmalıdır. Amma mən həmin əməkdaşların sırasında olmadım. Buna görə Fəraid Qəhrəmanov bir neçə dəfə mənə irad tudu və mən də ona kəskin cavab verdim".

Şikayətçi bildirir ki, ona qarşı təzyiqlərin bir səbəbi də İlhamə Muradovanın ondan qisas almaq niyyəti ilə bağlıdır: "Gəncə Şəhər Baş Polis İdarəsinin mərhum rəisi, general Rasim Musayev İlhamə xanımın qardaşını narkotik üstündə həbs etmişdi. Bu əməliyyatı mənim atam Alim Məmmədovun başçlıq etdiyi əməliyyat qrupu həyata keçirmişdi. İlhamə Fərəməzova bu hadisədən sonra məndən qisas almaq fikrinə düşüb. Bu niyyətini həyata keçirmək üçün 14 saylı məktəbin direktoru Gülşən Məmmədova ilə birgə "əməliyyat" həyata keçiriblər. Belə ki, bu ilin aprelində 14 saylı məktəbin texniki işçisi analıq məzuniyyətinə çıxmışdı. Mən onun sənədlərini mühasibat proqramına işlədim. Amma sonradan məlum oldu ki, Gülşən Məmmədova həmin xanımdan maaş kartını alıb, İlhamə Muradova isə sistemdə dəyişiklik etdirərək 3 ay ərzində onun maaşını çıxararaq mənimsəyib.

Xanım bundan süd pulu üçün DSMF-yə müraciət edəndə xəbər tutub, ona bildiriblər ki, işlədiyinə görə vəsaiti oradan ala bilər. Onun İdarəyə müraciətindən sonra mən nə baş verdiyini anladım. Dərhal bu barədə Fəraid Qəhrəmanova məlumat verdim, amma o məsələyə etinasız yanaşdı. Hətta dedi ki, "tülkü tülkülüyünü sübut edənə qədər dərisini dartıb boğazından çıxararlar". Mərkəz rəhbəri deyir ki, mənim arxamda təhsil nazirinin müavini Muxtar Məmmədov, İlhamə Muradova isə onun arxasında Fəraid Qəhrəmanovun dayandığını, onlara heç kimin heç nə edə bilməyəcəyini söyləyiblər".

Aysel Fərmanlı deyir bu ilin aprel ayından etibarən Mərkəzdə Təhsil Nazirliyi, Maliyyə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yoxlamalar aparıb: “Bu araşdırmalar kiçik fasilələrlə avqust ayına qədər davam etdi. Amma təəssüf ki, nəticə F.Qəhrəmanovun və İlhamə Muradovanın istədiyi kimi oldu. Doğrudur, yoxlamanın davam etdiyi günlərdə Kəlbəcər rayonun təhsil işçiləri Mərkəzi dağıdırdılar ki, İlhaməni onların mühasibliyindən çıxarsınlar. Çünki məktəblərdə külli miqdarda pulların mənimsənildiyi, təhsil işçilərinə qarşı görünməmiş haqsızlıqlar olduğunu deyirdilər. Uzun dava-dalaşdan sonra Fəraid Qəhrəmanov onu Kəlbəcər məktəbləri üzrə mühasiblikdən çıxararaq Samux rayonunun təhsil müəssisələri üzrə mühasib təyin etdi".

A.Fərmanlı qeyd edir ki, 14 saylı məktəbin işçisinin maaş kartından pul çıxarılaraq mənimsənilməsi ilə bağlı Təhsil Nazirliyinin əməkdaşı Vüqar İsmayılovun rəhbərliyi ilə Mərkəzdə yoxlama aparan komissiyaya müraciət edib: "Onlardan xahiş etdim ki, mənim bütün fəaliyyətimi yoxlasınlar, zərrə qədər günahım varsa, məsuliyyət daşımağa hazıram".

Aysel Fərmanlı işdən çıxarılması ilə bağlı Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət edib. Onun şikayəti icraata götürülüb və oktyabrın 14-nə hazırlıq iclası təyin olunub. Şikayətçi media vasitəsi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, təhsil naziri Emin Əmrullayevə, Respublika Prokurorluğuna müraciət edərək 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində baş verən qanunsuzluqların araşdırılmasını və özünə qarşı yol verilən haqsızlıqların aradan qaldırılmasını xahiş edir. 

Mərkəzin rəhbəri Fəraid Qəhrəmanov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, Aysel Fərmanlını müqavilə müddəti bitdiyinə görə işdən azad edib. Qeyd edib ki, onun fəaliyyəti rəhbərliyi qane etmədiyi üçün bu addımı atıb. "Aysel xanım məhkəməyə müraciət edib, gözləyək, hansı qərar veriləcək. Onun ittihamlarına gəlincə, heç biri doğru deyil. Təhsildə rüşvət və korrupsiyadan danışmaq əsassızdır", - deyə F.Qəhrəmanov sözlərinə əlavə edib.

Müəllif E.Rüstəmli

Mənbə AzPolitika.info