Sotomayor ermənini rinqə çıxdığına peşman etdi

16:09 22-06-2019 636

Bu gün Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ikinci günə start verilib.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvlərindən Nigar Nəsirova və Ruslan Lunyov debüt edib.

Onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında 566 xalla 19-cu yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Bu gün cüdo yarışına da start verilib. Aişə Qurbanlı (-48 kq) rumıniyalı idmançıya qalib gəlsə də, 1/8 finalda ispaniyalı rəqibi onu ippona salıb. Bu çəkidə digər idmançımız – monqolustanlı İçinxorlu Munxtsedev ilk görüşündə gürcü rəqibinə yenilib.

Gültac Məmmədəliyeva (-52 kq) finlandiyalı və belçikalı rəqiblərini məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə polşalı Aqata Perentsə uduzub. İdmançımız bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. Bu çəkidə rumıniyalı legionerimiz Aleksandra-Larisa Florian isə ilk görüşdə polşalı idmançıya uduzub.

Kişilərimiz də uğursuz çıxış edib. 60 kq-da çıxış edən iki idmançımız Kəramət Hüseynovla Orxan Səfərov sloveniyalı rəqiblərini keçsələr də, 1/8 finalda müvafiq olaraq Niderland və Belçika idmançılarına yenilib.

Nicat Şıxəlizadə isə ukraynalı Boqdan Yadova məğlub olaraq mübarizəni başa vurub.

Sambo yarışlarına da bu gün start verilib. Mehman Xəlilov (-57 kq) belaruslu, Ceyhun Hüseynov (-82 kq) gürcüstanlı rəqiblərinə uduzub.

Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla qarşılaşacaq. Ceyhun Hüseynov isə bürünc medal üçün təsəlliverici görüşdə italiyalı rəqibinə uduzub.

Emil Həsənov (-68 kq) 1/4 finalda rumıniyalı rəqibinə qalib gəlsə də, yarımfinalda gürcü rəqibinə uduzub. O, bürünc medal uğrunda görüşdə bolqarıstanlı Martin İvanovla axşam seansında qarşılaşacaq.

Samboda yeganə qadın idmançımız Gözəl Zutova (-72 kq) da uğursuzluğa düçar olub. O, ilk görüşdə fransalı, təsəlliverici qarşılaşmada isə rumıniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Bu gün boksda Olimpiya mükafatçımız Lorenso Sotomayor (-69 kq) mübarizəyə qoşulub. O, 1/16 finalda ermənistanlı Qurqen Madoyan üzərində 5:0 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, boksda bu gün komandamızın lideri Kamran Şahsuvarlı, Cavid Çələbiyev və Alfonso Dominqes də mübarizə aparacaq.

Səbuhi MUSAYEV