Epidemiya mövzusunda çəkilən kinolar: Vahimə, ölüm, qorxu...

16:00 09-10-2021 483

COVID-19 pandemiyası və ümumiyyətlə, müxtəlif dövrlərdə yayılan cürbəcür viruslar, elan olunmuş pandemiyalar ədəbiyyata olduğu kimi, kino industriyasına da təsir edib. Bu təsir həm inkişaf, həm də mövzu baxımından hiss olunur. Bu gün pandemiyaya film mövzusu aspektindən baxacağıq.

Bu barədə “Kaspi” qəzeti məqalə dərc edib.

Belə ki, indiyə qədər epidemiya, xəstəliklər və viruslarla bağlı dünyada onlarla film çəkilib. Onlar, əksərən, olduqca vahiməli, qorxulu olsalar da, böyük gəlir gətirən və sevilən filmlər sırasındadırlar. Maraqlısı budur ki, insanlar pandemiya dövründə, xüsusən, xəstəlikləri əks etdirən filmlər izləməyə daha çox üstünlük verirlər. Bəs bunun səbəbi nədir? Vyana Universitetinin professoru, germanist Eva Hornun fikrincə, bədii uydurma istənilən ağlasığmaz vəziyyəti vizuallaşdıra bilir.

“Gələcək faciə kimi” kitabında Eva Horn yazır: “Faciələr haqqında olan roman və filmlər oxucu və tamaşaçılara real təhlükədən uzaq olmaqla fikrən uduzmağa fürsət yaradır”.

1971-ci ildə çəkilmiş “Andromeda ştammı” bu cür filmlərin ilk nümunələrindəndir. Film yazıçı Maykl Kriktonun elmi-fantastik romanı əsasında çəkilib. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazanıb.

Steven Soderberqin Skott Z. Burnsün ssenarisi əsasında çəkdiyi “Yoluxma” filmi indiki pandemiya ilə daha çox səsləşir. Baş qəhrəmanın öskürməsi, istər-istəməz koronovirusun simptomlarını xatırladır. Honkonqdan geri dönən qəhrəman Çikaqo aeroportunda vaxt öldürür. Bu xanım artıq virusa yoluxmuş olur və toxunduğu hər yerə virus yayır. Bu məqamlara diqqətlə baxan tamaşaçı artıq əllərini sabunla yumaq, spirtləmək, bütün görüşləri ləğv etmək, sosial məsafə saxlamaq fikrinə düşəcək. O ki qaldı filmin qəhrəmanına, o, bir neçə günün içində ölür. Şok içində olan ərində, ardınca da digər insanlarda simptomlar görünməyə başlayır. Epidemiya dünyanın müxtəlif yerlərində sürətlə yayılır.

Nil Marşalın 2008-ci ildə çəkdiyi “Qiyamət günü” filmi də bu seriya filmlərdəndir. Film 2008-ci ildə Şotlandiyada yayılmış “Biçinçi” adlanan ölümcül virusdan bəhs edir. Onun simptomları yüksək temperatur, qaytarma, halsızlıq, möhkəm ağrılardır. Bütün ölkə bu virusa görə izolyasiya olunur, əhali taleyin ümidinə buraxılır. Sona qədər tamaşaçını tam gərginlik içində saxlayan film, olduqca maraqla qarşılanıb.

Rejissor Volfhanq Petersenin Riçard Prestonun “Qaynar zona” kitabı əsasında 1995-ci ildə çəkdiyi “Epidemiya” filmi də adından bəlli olduğu kimi sürətlə yayılan xəstəliklərdəndir. Məxfi hərbi laboratoriyada yaradılan  ölümcül virus onilliklər sonra onları yaradanlara qayıdır. Filmin əsas süjeti epidemiyanın qarşısını almaqdan ötrü şəhərin məhv edilməsinə həsr olunub.

Epidemiya ilə bağlı əsərlərin içində amerikalı yazıçı Stiven Kinqin 1978-ci ildə qələmə aldığı “Qarşıdurma” əsəri əsasında rejissor Mik Herrisin 1994-cü ildə çəkdiyi mini-serial - “Qarşıdurma” da fərqlidir. ABŞ-ın məxfi laboratoriyasından təsadüf nəticəsində çox təhlükəli virus kənara çıxır. Bu, böyük bir faciəyə səbəb olur. Belə ki, bioloji silah kimi hazırlanan, ölüm saçan qrip ştammı sürətlə yayılır. Bunun əsas səbəbi ümumi xaos, həmçinin ordu və polislərin xüsusi amansızlığı və qəddarlığı olur. Və beləliklə, qarşıdurma başlayır.

2018-ci ildə çəkilən “Yağış” serialını da qeyd etmək istərdim. Yağış vasitəsilə yayılan qorxunc virus Yer kürəsini məhv edir. Uzun illər sonra bunkerdən sağ-salamat çıxan bacı-qardaş sivilizasiyanın qalıqlarını axtarmaq üçün yola çıxırlar. Təsadüfən sağ qalmış çox az sayda insanlarla da rastlaşırlar. Lakin onların hamısını ancaq ölüm gözləyir. Xüsusən də, əsas şərti pozsalar, ölümdən qurtulmaq mümkün deyil. Əsas şərt isə yağışın altına düşməməkdir.

Bu mövzuda “12 meymun”, “Qızdırma”, “28 gün sonra”, “Divar”, “Virus”, “Mən əfsanəyəm”, “Dünyaların savaşı Z”, “Gəzən ölülər”, “Ölülər ölmür”  və s. kimi  filmləri də misal çəkmək olar. Eva Horn hesab edir ki, belə filmlərə tələbatın daha böyük olması insanlarda bu cür xəstəliklərlə bağlı bilgilərinin az olmasıdır. Ekran qarşısında divanda rahatca əyləşən kəs, onun fikrincə, sadəcə kənar bir müşahidəçidir. O, faciənin qarşısına almaq üçün nə isə etmək məcburiyyətində deyil. Və hətta “happy end”ə də ümidli ola bilir.

Məncə, bu cür filmlərə sakit baxmaq mümkün deyil. İnsan, əksinə, daha da vahimələnir, ölümlə üz-üzə gəlməkdən qorxuya düşür. Digər tərəfdənsə, bu qorxu sanki insanda bir məsuliyyət, xof yaradır. Sosial məsafə saxlamağa, müəyyən ehtiyat tədbirləri görməyə, dövlətin bizi qorumaq üçün verdiyi tövsiyə və göstərişlərə əməl etməyə sövq edir. Təki sağlam olaq.