Bakıda “gecəqondu” tipli kababxanalar qanunsuz iş gördülər - FOTO

17:40 12-10-2021 350

Yasamal rayonunda sudan qanunsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu ərazisində sudan ən çox qanunsuz istifadə Məhəmməd Xiyabani küçəsində qeydə alınıb.

Burada fəaliyyət göstərən “gecəqondu” tipli kababxanaların böyük əksəriyyəti sudan qanunsuz istifadə edib. Dəfələrlə edilən xəbərdarlıqlara və su təchizatının dayandırılmasına baxmayaraq, obyekt sahibləri müxtəlif yollarla sudan qanunsuz istifadəyə çalışırlar.

Yasamal rayonu ərazisində aparılan nəzarət tədbirləri nəticəsində Əsəd Əhmədov ünvanında yerləşən “Yadigar” marketdə sudan uçotsuz və sayğacdankənar istifadə halı aşkarlanıb.

Məlum olub ki, sahibkar uzun müddətdir obyektin su təchizatını binanın arxa həyətindən gizli çəkilmiş qanunsuz su xətti vasitəsi ilə həyata keçirir.

Yasamal rayonu Qurban Xəlilov küçəsində yeni tikilməkdə olan beşmərtəbəli yaşayış binasının yaxınlıqdan keçən əhali qrupu xəttinə qeyri-qanuni qoşulduğu aşkarlanıb.

Sudan uçotsuz və qanunsuz istifadə ilə bağlı aşkarlanmış faktlar üzrə akt tərtib edilib və qanunsuz çəkilmiş su xətləri ləğv olunub. Qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Ümumilikdə cari ilin doqquz ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı 183 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Qeyd edək ki, 2021-ci ilin doqquz ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 12 701, Yasamal rayonu üzrə isə 252 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3 milyon 550 min kubmetr, 94 min kubmetr həcmində sərfiyyat bərpa olunub.