Tahir Hüseyinn hikmətli söz dünyasına Vidadi Hidayətin baxışı..

09:12 20-10-2021 465

Bismillahir Rəhmanir Rəhim

Vidadi Hidayət

“Hidayət yolunun nuru”

 Qəlb gözü ilə görənlər anlayanlardır,

Anlayanlar öz nəfsini danlayanlardır.

                                              Tahir Hüseyn

  Qəlb gözü cismani gözdən  fərqli olaraq mənəvi aləmə aiddir. Bu gözün işığı hikmət, gördükləri isə Allahın (c.c) bizə verdiyi öyüdün (“Quran”ın) həqiqi mənalarıdır. Necə ki, Allah-Təala buyurur: “Mən bəndələrimə şah damarından yaxınam, ancaq onlarla mənim aramda minlərlə zülmət, minlərlə nur pərdələri vardır”. Bu pərdələr qalxmadıqca insanın  qəlb gözü mənəvi aləmdə kor kimidir. İnsan hətta Allahın (c.c)  öyüdlərini, əmrlərini icra edər və ancaq anlamaz-“görməz” (qəlb gözünün görməsindən söhbət gedir). Çünki, qəlbin Allahın (c.c) yoluna olan qapısı möhürlənib. İnsan üçün ən xoşbəxt hal odur ki, tövbə edə və heç bir  təmənna güdmədən ruhunu Allaha (c.c) qovuşdurmağı diləyə. Allah (c.c) isə nəsib edə. İlk anda və sona (yolun sonuna) kimi ustad vacibdir. İnsan diri ikən, həyatda ikən, ruhunu Allaha (c.c) qovuşdurmağı və təslimi qəlbən diləmədikcə yuxarıda qeyd  etdiyim  pərdələr götürülməz. “Quran” ayələri oxunar, ancaq, anlanmaz. Allah (c.c) pərdələri qaldırdıqca qəlb gözü “görən” olur və mərhələ-mərhələ daha çox anlayır, daha çox dərk edir. Möminlər hər bir ayənin-öyüdün mənasının, həqiqətinin  dərk olunmasının axtarışında olmalıdır. İmam Əli (ə)buyurmuşdur:-“Dərk etmədiyini tərk etmə”. İmamımızın dərk etmək sözündəki məna  ancaq, hər birimizin mənəvi yolda –Siratəl müstəqimdə olduğumuz  halda mümkünlüyünə işarədir. Qalan hallarda insan “Quran” ayələrini,  heç vaxt (hökmü bəlli olanlar istisnadır) anlamaz, dərk etməz.

   Hikmət nuru ilə insanın qəlb gözü “görən” olur və “gördükcə” həqiqətləri daha çox anlamağa başlayır. İnsan anladıqca  nəfsini daha çox danlayır.Allah (c.c) nəfsin bu halın müqəddəs bilir və and içir:- “And olsun özünü danlayan nəfsə” (“Quran”, Qiyamət 2).

 Bu hal ta nəfsin mütməin halına,  nəfsin tam paklanma halına kimi davam edir. Nəfsi paklanmış  insan isə əbədi səadətə çatmış insandır.

 (Davamı  var)