İş yerində siqaret çəkənləri cərimələməkdənsə, qanunun tam icrasına nail olmaq lazımdır - ŞƏRH

09:09 21-08-2019 772

Rusiya Səhiyyə Nazirliyi iş yerində siqaret çəkən şəxslərin məvacibinin azaldılmasını təklif edib. Təklifə əsasən, vətəndaşlar iş vaxtı siqaret çəkərsə, cərimə kimi maaşlarından kəsilə bilər.

Səhiyyə Nazirliyi bu addımla ölkə ərazisində siqaret çəkənlərin sayını azaltmaq niyyətindədir.

Bəs Azərbaycanda belə bir təşəbbüsün həyata keçirilməsi mümkündür?

Məsələ ilə bağlı HerGun.Az-a danışan iqtisadçı Vüqar Bayramov Azərbaycanda belə bir təşəbbüsün məqsədəuyğun olmadığını bildirib:

"Azərbaycanda qapalı yerlərdə siqaret çəkilməsi qadağandır. Təbii ki, bura qapalı iş yerləri də daxildir. Ümumiyyətlə, iş yerində siqaret çəkilməsinə görə cərimələrin tətbiqinə çox az ölkələrdə rast gəlinir".

Ekspert qeyd edib ki, Azərbaycanda ictimai və qapalı yerlərdə siqaret çəkilməsi qadağan olunsa da, reallıqda bu qanun və qadağalar işləmir. Müşahidələr göstərir ki, qapalı yerlərdə kifayət qədər siqaret çəkilir:

"Hətta qapalı restoranlarda siqaret çəkilməsi digər vətəndaşların sağlamlığına praktiki olaraq ziyan vurur. Ona görə də bu gün Azərbaycan üçün ən vacib məsələ məhz qapalı yerlərdə siqaret çəkilməsinin qadağan edilməsini nəzərdə tutan qanunun işləməsinə nail olmaqdır".

O hesab edir ki, Azərbaycanda hələlik iş yerlərində siqaret çəkənlərin cərimələnməsi praktikasının tətbiqi məqsədəuyğun deyil:

"Ən yaxşısı, qanunun tam icrasına nail olmaqdır. Yəni kimliyindən asılı olmayaraq, hər bir vətəndaşa qapalı yerlərdə siqaret çəkilməsinin qadağan olunması və buna əməl etməyən sahibkarlara qarşı xüsusi cərimələrin müəyyənləşdirilməsinə nail olmaq lazımdır. Çünki hələ də vətəndaşlar qapalı yerlərdə siqaret çəkirlər. Hətta onlara sahibkarlar tərəfindən şərait yaradılır. Nəticədə, siqaret çəkilməsindən narahat olan digər vətəndaşlar buna etiraz edə bilmir.

Əgər reallıqda qapalı yerlərdə siqaret çəkilməsinə qadağa tətbiq olunmursa, o zaman cərimələrin tətbiqindən  danışmağa dəyməz. Bir daha qeyd edim ki, ən əsası, mövcud qadağanın tətbiq olunması istiqamətində həm hüquqi bazanın müəyyənləşməsi, həm də nəzarətin gücləndirilməsidir”.

Sevinc Yasinqızı