Nazirlik 157 qazini yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO

11:00 28-10-2021 357

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin dekabrından qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanılıb.

Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətraflarını itirmiş qazilərimizdən artıq 157 nəfəri 166 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

Onlardan 144-ü aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

Digər 13 qazi isə yuxarı ətraflarını itirmiş qazilərdir ki, onlar da yüksək texnologiyalı protezlərlə təmin olunub. Bu protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsi ilə sosial həyata daha tez və rahat inteqrasiya imkanı yaradır.