Tələbə gənclərin “Hədəf 5 %” proqramının açılış mərasimi keçirildi - FOTO

15:20 28-10-2021 365

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə oktyabrın 27-də Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasını dəstəkləyən “Hədəf 5%” proqramının açılış mərasimi keçirilib.

Azərbaycan-Fransız Universitetində baş tutan tədbirdə dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və ATGTİ-nin sədri Pərviz Mirələmlinin çıxışları ilə davam edib. Natiqlər çıxışlarında Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman ordumuz tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığını vurğulayıblar. Həmçinin, tələbə gənclərin qalib xalqın nümayəndələri kimi öz sahələrində daha aktiv fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunub, gəncləri öz ətrafında toplayan bu proqramın əhəmiyyəti və yaxın aylar ərzində onlara verəcəyi töhfələr haqqında fikirlər bölüşülüb.

Daha sonra ATGTİ-nin üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə çıxış edərək son vaxtlarda ATGTİ tərəfindən həyata keçirilən TGT-lərin və onları əhatə edən tələbələrin inkişafını qarşısına məqsəd qoymuş proqramların dövlət gənclər siyasətinə verəcəyi töhfələr barəsində danışıb.

Orduxan Qəhrəmanzadə respublika ərazisində yerləşən ali və orta ixtisas təhsili müəssisələrindəki Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasını dəstəkləmək məqsədilə həyata keçiriləcək layihəni tədbir iştirakçılarına təqdim edib.

Proqramın “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.5.1. nömrəli “Ali və orta ixtisas təhsili müəssisələrində tələbə gənclər təşkilatlarının layihə və proqramlarının dəstəklənməsi” bəndinin icra prosesinə dəstəyin təmin edilməsi məqsədi ilə keçirilməsi vurğulanmış, layihənin missiya və hədəfləri, fəaliyyət istiqamətləri və həyata keçiriləcək yeni koordinasiya planı haqqında ətraflı məlumat verilib.

Proqram yaxın illər ərzində bütün Azərbaycan üzrə icra olunacaq.