Vətən müharibəsi şəhidi Elsevər Yariyevin anım günüdür - FOTO

13:40 30-10-2021 357

Bu gün Vətən müharibəsində şəhidi, çavuş Elsevər Yariyevin anım günüdür.

Elsevər Yariyev 1986-cı il sentyabrın 25-də Xudat şəhərində anadan olub. 1993-2004-cü illərdə K. Məhərrəmov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb.

2004-2009-cu illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsil alıb.

O, hələ uşaqlıqdan hərbçi olmağı arzulayarmış. Bu sevgi ona atası, mayor Qalib Cəlaloğlundan keçib. Atası da 90-cı illərin Qarabağ müharibəsinin iştirakçısı olub. Elsəvər Yariyev Vətən müharibəsindən öncə, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsi döyüşlərinə sentyabrın 28-i qatılıb.

Elə həmin sentyabrın 30-u Füzuli rayonu Alxanlı kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub.

Onun nəşi bir aydan sonra tapılıb. E.Yariyev Xudat şəhərində dəfn edilib. Şəhidimizin özündən sonra Qalib və Gülər adlı övladları yadigar qalıb.

Şəhidin qardaşı Elgün Yariyev HerGun.Az-a bildirib ki, qardaşı ilə fəxr edir. Onun sözlərinə görə, Elsevər Yariyev böyük cəsarətlə, ürəklə döyüşlərə qatılıb.

“Qardaşım Vətən uğrunda öz canından keçən şəhidlərin sırasındadır. Mən bununla fəxr edirəm. Qardaşımın arzusu hərbçi olmaq, Vətəni qorumaq olub. O, bu arzusuna çatdı. Allah bütün şəhidlərimizə rəhmət etsin, bu Vətən onların sayəsində ayaqdadır”, - deyə Elgün Yariyev bildirib.

Elgün Yariyev qardaşının şəhid olması xəbərini necə eşitdiklərini də danışıb:

“Oktyabrın 3-də xəbər gəldi ki, Elsevərgilin texnikası vurulub. Bizə dedilər ki, onlar yaralı vəziyyətdə neytralda qalıblar. Lakin oktyabrın 10-u dəqiq bilindi ki, onlar şəhid olublar. Bizə qardaşımın cənazəsi oktyabrın 30-da verildi, dəfn etdik”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, Elsevər Yariyev ölümündən sonra  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Aqşin Kərimov