Dəniz suyu “boz çölləri” cənnətə çevirir - REPORTAJ + FOTO

16:20 30-10-2021 701

Əbəs yerə meşələri planetimizin ağciyərləri adlandırmırlar. 

Təbiətdə baş verən hər şeyin insan əhvalına, psixologiyasına təsiri var. Biz temperamentimizdən asılı olmayaraq, biganə qala bilmirik doğan günəşə, əsən küləyə, yağan yağışa, dənizin, qumun, səmanın misilsiz rənglərinə.

Ancaq insan bəzən təbiətə qənim kəsilir. Hər canı, hər canlını məhv etməyə meyil edir.

Odur ki, planetimizi, ətraf mühitimizi qorumaq, yaşıllığa çevirmək üçün, təbiətə yenidən can vermək üçün ağac əkmək son illər ölkəmizdə ənənəyə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsində və Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodunda olduq. 

İdarənin tinglik sahəsi 2013-cü ildən etibarən işə başlayıb.

Təbii ki, Salyan rayonu deyəndə ilk ağlımıza boz çölləri gəlir. Amma rayonun Xıdırlı kəndində salınmış böyük yaşıllıq ərazi var ki, bizi “boz çöllər” demək temasından uzaqlaşdırır. 

Bu torpaqlar 2013-cü ildə işə düşən zavodda alınan su ilə yaşıllaşdırılıb. 

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfov deyir ki, tinglik sahəsinin salınmasında məqsəd kökü bağlı və əsasən iynəyarpaqlı cinsli ağac və kol bitkiləri yetişdirməkdir:

“Hazırda sahədə 700 min ədəddən çox ting və toxmacar yetişdirilir. 4 min 400 hektarlıq ümumi xidməti ərazisində 5 milyon 500 mindən çox müxtəlif cinsli ting və toxumaclar yetişdirilir. Bu tinglik sahəsinin yaşıllaşdırmanın salınmasında əhəmiyyəti böyükdür.

Burada əsasən kökü bağlı tinglərin yetişdirilməsinin məqsədi əkin mövsümünü uzatmaqdır. Çünki Azərbaycanda yaz fəsli gəldikdən sonra dərhal havalar istiləşməyə başlayır və belə olan halda, kökü açıq olan ağacların yaşıllaşdırmada istifadəsi çətinləşir. Bu sahədə yetişdirilən bitkilərin yaşıllaşdırma tədbirlərində istifadəsi ilin istənilən ayında mümkündür”.

Aparılmış toxum tədarükündən sonra ilkin olaraq cücərtmə sahəsində toxumlar birinci istixanada violalara səpilir, bitəndən sonra isə bitkilərin boyu 10-15 santimetrə qədər uzandıqda onlar ikinci böyütmə sahəsinə keçirilir. 

Daha sonra isə boyları 15-20 santimetrə çatmış bitkilər ikinci və üçüncü böyütmə sahələrində əkinə hazır vəziyyətə gətirilir.

Bu ərazidə tinglərin yetişdirilməsində cəmi 18 fəhlənin əməyi var. 

ASC sədri bildirib ki, tinglərin yetişdirilməsində suvarılma üçün Xəzər Dəniz Suyunun

Duzsuzlaşdırılması Kompleksində istehsal olunmuş sudan istifadə edilir: 

“Zavodun gücü 2016-cı ildə ikiqat artırılıb. Zavodda sutka ərzində Xəzər dənizindən 4 min kubmetrdən çox su 12.5 kilometr məsafədən qəbul edilir və nəticədə, içməyə və suvarmaya tam yararlı olan 2 min kubmetr su istehsal olunur.

Həmin sudan 700 hektarlıq yaşıllıqların, eyni zamanda, 700 min ədəd ting və toxmacarların suvarılmasında istifadə edilir. Tinglərin boyu və qablaşdırılması isə tələbata uyğun olaraq müəyyənləşdirilir”.

Zavodda toxumdan əkinə hazır tinglərin alınması prosesini izlədikdən sonra ərazini su ilə təmin edən müəssisəyə üz tutduq. 

Zavod Xəzər dənizindən 12 kilometr uzaqlıqda yerləşir. Su boru vasitəsilə götürülür və çökməyə məruz qalan su anbara vurulur. Daha sonra isə qidalandırıcı nasoslar vasitəsilə götürülərək filtrlərə vurulur.

Həmin filtrlərdə su qum və bazalt qatından keçərək fiziki təmizləməyə məruz qalır. Qum və bazalt qatından keçmiş su yenidən mikron filtrlərindən keçir. Ölçüsü 5 mikrondan böyük nə varsa, hamısı çökür.

Zavod direktoru bildirib ki, şəffaf duzlu su yüksək təzyiq nasosu vasitəsilə membranlara vurulur. Membranlarda duz sudan ayrılır. Membrana vurulan suyun 45 faizə qədəri şirin su şəklində, qalan 55 faizi isə iki dəfə duzlu şəkildə dənizə axıdılır.

İstehsal olunan suyun 10 faizi mineralizasiyadan keçir və içmək, məişətdə istifadə üçün nəzərdə tutulur. Qalan 90 faizi isə birbaşa ağacların sulanmasında istifadə olunur.

Biz də dənizdən alınaraq təmizlənən suyun dadına baxırıq. 

Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, İsrail texnologiyası ilə işləyən zavod gün ərzində təxminən 2 min kubmetr içməli su istehsal edə bilir:

“O bildirib ki, ötən il Prezident İlham Əliyevin təsdiqlədiyi müvafiq tədbirlər planında da alternativ mənbələrdən, o cümlədən Xəzər dənizinin suyundan istifadə qarşıya qoyulan əsas məqsədlərdən idi:

“Bununla bağlı aidiyyəti qurumlar Abşeron rayonunda da belə bir duzsuzlaşdırma zavodunun qurulması istiqamətində araşdırmalar aparır, qabaqcıl bir sıra şirkətlərlə, o cümlədən bu sahədə təcrübəyə malik İsrail şirkətləri ilə danışıqlar aparılır.

Nəzərə almaq lazımdır ki, Abşeronda içməli su təchizatının daha çox uzaq məsafələrdən, şimalda Kür çayından, Oğuz-Qəbələ istiqamətindən təmin edilməsi həm baha başa gəlir, həm də çoxlu itkilərə səbəb olur.

Nəticədə, həmin mənbələrin yerləşdiyi ətraf ərazilərdə su çatışmazlığı ortaya çıxır. Abşeronda belə zavodun açılması perspektiv kimi dəyərləndirilə bilər. Eyni zamanda, Şirvan qurğusundan da suyun duzsuzlaşdırılaraq yaşıllıq ərazilərin suvarılmasında istifadə edilir. Bu qurğu isə gündəlik 5 min kubmetr suyu təmizləyə bilir”.

Ting sahəsi və zavodla tanış olduqdan sonra isə mətbuat nümayəndələri həm də ağacəkmə kampaniyasına qoşulublar. 

Gəlin, hər canı, hər canlını məhv etməyək...