Bakı metrosunda qatarların hərəkəti bərpa olundu - YENİLƏNİB + VİDEO

16:40 30-10-2021 442

“Bakı Metropoliteni”nin “Xətai”-“Cəfər Cabbarlı” xəttində qatarların hərəkəti bərpa edilib.

Bu barədə “Bakı Metropoliteni”ndən məlumat verilib.

16:02

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı metrosunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Bu gün saat 14:32-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının metropiliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır”.

14:54

Bakı metrosunun “28 May” stansiyasında problem yaşanıb. 

HerGun.Az-ın məlumatına görə, qatarların hərəkətində ləngimələr baş verib. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov HerGun.Az-a açıqlamasında bildirib ki, ilkin məlumata görə, “28 May” stansiyasının girişində tüstülənmə olub:

“Stansiyanın giriş sahəsində tüstülənmə ehtimalı ilə yüksək gərginlik çıxarılıb. Bu səbəbdən metronun “Həzi Aslanov” – “28 May” istiqamətində hərəkət edən qatarlarda müəyyən ləngimələr baş verib”.

B.Məmmədovun sözlərinə görə, hazırda “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları istisna olmaqla, Bakı Metropolitenində qatarların hərəkətinin tənzimlənməsi təmin olunur. 

Qurum rəsmisi məsələ ilə bağlı əlavə məlumatın veriləcəyini əlavə edib.

O qeyd edib ki, metroya bomba qoyulması ilə bağlı yayılan iddialar əsassızdır. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by HerGun.Az (@oxuaz)

İlhamə Əbülfət