Doğum günü olan şəhidlərimiz - FOTO

12:20 02-11-2021 434

Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan altı nəfərin bu gün doğum günüdür.

HerGun.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Leytenant Abbasov Murtuz Çingiz oğlu 2 noyabr 1998-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. 2005-2016-cı illərdə Binəqədi rayonu Sulutəpə qəsəbəsində 313 saylı tam orta məktəbdə təhsil alıb. Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olan Murtuz 2020-ci ildə ali hərbi təhsilini başa vuraraq, gənc leytenant kimi Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında taqım komandiri kimi xidmətə başlayıb.

Vətən Müharibəsinin ilk günlərindən öz taqımı ilə döyüşlərə qatılan leytenant Murtuz Abbasov Cəbrayıl və Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.
22 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu ərazisində Vejnəli qızıl mədəninin ələ keçirilməsi üçün Sığırt yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.  Abbasov Murtuz 6 nəfər yoldaşı ilə birlikdə düşməni öz üzərlərinə çəkərək bölüyün qalan heyətinin atəş altından çıxmasına şərait yaradıb. 30 nəfərin yaralandığı döyüşdə Murtuzla birlikdə bölüyün daha 6 nəfər hərbi qulluqçusu qəhrəmancasına şəhid olub.

29 oktyabr 2020-ci ildə Lerik rayonunun Soru kəndində dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Murtuz Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Gizir Abdullayev Sərxan Elxan oğlu 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. 1995-2006-cı illərdə Qazax şəhərində M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə liseydə təhsil alıb.

2006-2008-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Nərimanov rayonunda yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə DİN-in Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub. Şəhidimizin vətənə əmanət iki övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Sərxan Abdullayev ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Baş leytenant Əsgərov Rauf Vaqif oğlu 1978-ci ildə Gəncə şəhərində doğulub. 44 nömrəli tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.

Vətən müharibəsinin qəhrəmanlarından olan Rauf Əsgərov Füzulinin bir sıra kəndlərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və 26 oktyabr 2020-ci ildə əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidimizin Vətənə əmanət üç övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Rauf Əsgərov ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Eyyubov Sərvan Yusif oğlu 1998-ci ildə Qəbələ rayonunun Böyük Pirəli kəndində anadan olub. Orta təhsilini Böyük Pirəli kənd tam orta məktəbində aldıqdan sonra təhsilini Qəbələ Peşə Məktəbində davam etdirib.

O, 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb və xidmətini çavuş olaraq başa vurub. 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə kəşfiyyatçı olaraq qatılıb.

Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edən Sərvan Eyyubov 12 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəbələ rayonu Böyük Pirəli kənd məzarlığında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Sərvan Eyyubov ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Əsgər Mollaçiyev Əhməd Rəcəb oğlu 1997-ci il noyabrın 2-də Balakən rayonunun Mollaçıbinə kəndində anadan olub. 2004-2013-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Əhməd Mollaçiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib. O, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.

Əhməd Mollaçiyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Əhməd Mollaçiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Mollaçıbinə kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əhməd Mollaçiyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Ramazanlı İlqar Etibar oğlu 2 noyabr 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir.

İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 3-də Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İlqar Ramazanlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Könül Cəfərli