Doğum günü olan şəhidlərimiz - FOTO

10:20 03-11-2021 404

Bu gün 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci qazandıran qəhrəman şəhidlərimizdən beş nəfərin doğum günüdür. 

HerGun.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. 

Leytenant Həməşəyev Qismət Oruc oğlu 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 

O, oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Qismət Həməşəyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Əsgər Kərimov İsmayıl Abbas oğlu 3 noyabr 1990-cı ildə Qəbələ rayon Tüntül kəndində anadan olub. 1996-cı ildə Nohurqışlaq kənd 1 saylı tam orta məktəbində ibtidai təhsil almağa başlayıb. 2007-ci ildə orta təhsilini başa vuran İ.Kərimov, 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Murovdağ yüksəkliyində yerləşən N saylı hərbi hissədə keçib. 2010-cu ildə hərbi xidmətini başa vurub. 

İsmayıl Vətən müharibəsinə könüllü olaraq yazılıb. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında iştirak edib. 

5 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Tərtər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Qəbələ rayon Tüntül kənd qəbiristanlığında dəfn edilib. 

Şəhidimizin Vətənə əmanət iki oğlan övladı yadigar qalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İsmayıl Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. 

MAHHXHQ, əsgər Sadıqov Elvin Namiq oğlu 1998-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı kəşfiyyatçı-pulemyotçu kimi xidmət edən Elvin Sadıqov, noyabr ayının 3-də Şuşanın azad olunması uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

Doğum günündə şəhidlik zirvəsinə ucalan E.Sadıqov doğulduğu Goranboy rayonunda torpağa tapşırılıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

MAHHXHQ, baş əsgər Şirəliyev İntiqam Bəxtiyar oğlu 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 

İntiqam Şirəliyev sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İntiqam Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Gizir Xəlilov Nadir Ağadadaş oğlu 3 noyabr 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. Orta təhsilini Artuna kənd tam orta məktəbində alıb. 2002-ci ildə N saylı hərbi hissədə əsgər kimi müddətli həqiqi hərbi xidmətə başlayan Nadir Xəlilov, 2005-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində (TTM) hərbi təhsil alıb. 2005-ci ildən başlayaraq gizir rütbəsilə tank komandiri vəzifəsində xidmət edib. 

Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. O, sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 

Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhidimizin Vətənə əmanət iki oğlu yadigar qalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nadir Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Könül Cəfərli