Ucqar kənd sakinləri üçün mədəniyyət layihəsi

14:00 07-11-2021 392

Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni layihəsi var, qocaman aktyorlar da keçmişdə mövcud olmuş ənənənin bərpa edilməsini arzulayırlar.

Səyyar kino, teatr, konsert və ya kitabxanalar ta sovet vaxtından mövcuddur. Ödənişsiz olaraq kinoteatrların sovet zəhmətkeşlərinin, fabrik və zavod fəhlələrinin, kolxoz və sovxoz əməkçilərinin və ya sadə kənd və qəsəbələrin sakinlərinin qarşısında təqdim etdikləri incəsənət nümunələri yaddaşlardadır. Bu tip sosial layihələr hətta kinoteatrların ümumiyyətlə olmadığı, kino-tamaşa nümayiş etdirmək üçün avadanlıq və şəraitin çatışmadığı yerlərə ayaq açırdı. Açıq səma altında, kənd və qəsəbə klublarında, mədəniyyət evlərində və s. səyyar nümayişlər hər hansı qazanc əldə etməkdən daha çox, insanların sosial-mədəni inkişaflarına hesablanır, onları əməyə ruhlandırırdı. Bu tip təşəbbüslər dövlət müəssisələri tərəfindən və büdcə vəsaiti hesabına həyata keçirilirdi.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Müasir avtoklublar
 
Bu gün də “Mədəniyyət” layihəsi ucqar kənd sakinlərinə musiqi, film və kitablar çatdırır. Bütün bunlar müasir avtoklublar vasitəsilə həyata keçirilir. Bizim ölkəmizdə deyil, Rusiyada həyata keçirilən layihə çərçivəsində təkcə bu il səyyar mədəniyyət mərkəzləri rayonlara, ucqar kəndlərə 300 dəfədən çox səyahət edib.

Avtoklub ilk dəfə keçən ilin payızında Udmurtiya vilayətinin kiçik bir kəndinə gəlib. Adi GaZell çoxfunksiyalı bir mədəniyyət mərkəzinə çevrilib. İçərisi səhnə, tam səs avadanlığı dəsti və hətta xüsusi işıqlandırma cihazları ilə təchiz edilən avtomobil əsl klub təsiri bağışlayıb. Cəmi bir neçə saat ərzində küçədə maraqlı bir konsert proqramı təqdim olunub. Qonşu qəsəbədən olan folklor qrupunun müğənnilərinin çıxışları qəsəbə sakinlərinin marağına səbəb olub. Onlar “bizim öz klubumuz yoxdur, bayramlar nadir hallarda olur. Nəhayət ki, artistləri canlı gördük”- deyə sevinclərini ifadə ediblər.

Əvvəlcə avtoklubun fəaliyyətinə dodaq büzən bölgənin Mədəniyyət idarəsi sonradan klubun  ucqar qəsəbələrə 700 dəfə, 2021-ci ilin yanvarından 300 dəfədən çox səfər etdiyini eşidincə heyrətdən fikrini necə ifadə edəcəyini bilməyib. “İstənilən hava şəraitində işləyirdik. Yalnız müğənniləri və rəqqasları deyil, kitabları da gətirirdik. Həm də film nümayiş etdirirdik. Hətta yerli sakinləri küçə filmləri festivalına qatılmağa məcbur edə bildik”- deyə avtoklubun rəhbəri bildirir.
 
Tarlalara, fermalara...

Mədəniyyət idarəsi etiraf edib ki, heç vaxt mədəniyyət evlərinin olmadığı və sakinlərinin sayı yüzə çatmayan kiçik qəsəbələr üçün stasionar mərkəzin tikintisi həmişə məsləhət görülmür. Belədə, məhz mobil mədəniyyət mərkəzləri köməyə gəlir. Ucqar bölgələrdəki insanlar da canlı musiqi dinləmək, müasir ədəbiyyatı oxumaq, yeni filmlərə baxmaq istəyirlər. “Bu gün yeni marşrutlar formalaşır, avtoklublar mədəniyyəti hətta tarlalara və fermalara, respublikanın istənilən ucqar nöqtəsinə çatdırmağa hazırdır”.

“Səyyar qatar” getdi...
 
Sovet dövründə bizim ölkəmizdə də bu tip səyyar klublar məşhur idi. Rayonlara kino, musiqi kollektivləri səyahət edir, zəhmətkeşlərdə xoş ovqat yaradır, asudə vaxtlarının mədəni təşkilinə çalışırdı. Sovetlər birliyi dağılandan sonra “səyyar qatarı” da çəkib özü ilə apardı. Paytaxtdan, şəhər və rayon mərkəzlərindən uzaq kəndlər, qəsəbələr, ucqar yerlər canlı incəsənət nümunələrinə - teatr tamaşalarına, konsertlərə və ya kinolara həsrət qaldı. İnsanlar bir növ mədəni kütləvi tədbirlərdən uzaq düşdülər. Müğənnilərə də belə konsertlər maraqlı deyil. Elə şair və yazıçıların da çoxdandır ki, rayon klublarından, mədəniyyət evlərindən səsləri gəlmir. Xüsusən pandemiya dövründə sərt karantin teatrları da təhsil kimi virtual aləmə sürüklədi. Açıq havada mobil teatrların fəaliyyəti də baş tutmadı. Hərçənd bəzi rayon mərkəzlərində veteranlara, hərbçilərə ünvanlanan səyyar kitabxanalar təşkil olundu. Amma bunlar müəyyən bir təbəqəni əhatə edən və qısa müddətli tədbirlərdən o yana keçmədi.

“Kəndlərdə kino”
 
Azərbaycan Kinematoqrafçılar İttifaqı arada “Kəndlərdə kino” layihəsinə start vermək istəsə də, bu günə qədər bunu reallaşdıra bilməyib. Səbəb pandemiyadır.  Kinoittifaqın İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç layihənin faydalı olacağına əmindir: “Hər həftə bir kənddə səyyar kino təşkil edəcəkdik. Xüsusən ucqar yerlərdə yaşayanlar üçün səyyar kinoları izləməyin böyük mənası var. Unudulan, yaddan çıxan, həmçinin müasir dövrdə çəkilən filmlərimizi nümayiş etdirmək istəyirdik. Daha sonra məktəblərin kino klubunu yaratmaq istəyirdik. Tanınmayan filmlərin nümayişini nəzərdə tuturduq. Bu, uşaqlar üçün böyük əhəmiyyət kəsb edərdi. Amma layihəni pandemiya səbəbindən həyata keçirə bilməmişik”.

O günlərin həsrəti
 
Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimov səyyar teatr günlərini nağıl kimi xatırlayır: “Sovet vaxtında Mədəniyyət Nazirliyinin göstərişi ilə hər il bölgələrə bir aylıq qastrollara çıxırdıq. Həm şəhər mərkəzində, həm də kəndbəkənd gəzib tamaşalar göstərirdik. Onda repertuar siyasətimiz daha geniş idi. Məqsəd o idi ki, paytaxtda nümayiş olunan tamaşalara uzaq kəndlərin insanları, əməkçiləri də baxsın. Bu, maliyyə məsələsində teatra kömək edir, həm də tamaşaçılarla aktyorlar arasında canlı ünsiyyət yaranırdı. Çünki o insanlar həmişə paytaxta, tamaşalara baxmağa gələ bilmirdilər. Ona görə biz tamaşaçıya tərəf gedirdik”. Aktyor xatırlayır ki, bəzən yük maşınlarında düzəldilmiş səhnədə tamaşa göstəriblər:

“Maşının arxa salonunu səhnə kimi bəzəyirdilər, biz orada oynayırdıq. Bütün kənd camaatı tamaşaya baxmağa gəlirdi. Onlar hətta yerdə oturub böyük maraqla baxırdılar. Demək olar ki, bütün korifey sənətkarlar səyyar səfərlərdə iştirak edirdi. Onları yaxından görmək uzaq yerlərin sakinlərinə çox xoş idi. Başları gecə-gündüz işə qarışan kolxoz-sovxoz işçiləri Bakıdan gələn işçilərlə görüş üçün müraciət edirdilər. Biz də həvəslə onların görüşünə gedirdik. Konsert briqadaları da tez-tez bölgələrə səfər edirdi. O günlər həmişə xatirimdədir. İndi də həmkarlarla söhbət edəndə “hanı o günlər?” deyə arzulayırıq”. R.Əzimov deyir ki, səyyar tamaşaların mövcud olduğu dövr təkcə aktyorlara əlavə qazanc gətirmirdi, həmçinin yaradıcılıq imkanlarını genişləndirirdi: “Hamı işlə məşğul idi, ona görə inkişaf da vardı. Planı artıqlaması ilə doldururduq, bizə mükafat da yazılırdı. İndi o günlərin həsrətindəyik”.

Səyyar tədbirlərin bərpası
 
Aktyor hesab edir ki, pandemiya dövründə səyyar tədbirləri bərpa etmək olardı: “Təəssüf ki, o yaxşı ənənə unudulub. Əli paytaxta, kinoteatrlara, konsert salonlarına çatmayanlar mədəni tədbirlərdən yalnız TV-lər və ya internet vasitəsi ilə xəbər tuturlar. Amma canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Yaxşı ənənələri qoruyub saxlamaq lazımdır”.